İlham Əliyevin Daşkənddə çıxışının TAM MƏTNİ - FOTO/VİDEO

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqres Mərkəzinə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı oldu - FOTO


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşılayıb.

Tədbirin iştirakçıları birgə foto çəkdiriblər.

İclasda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxış ediblər.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib:

“Hörmətli Şavkat Miromonoviç. Hörmətli dövlət başçıları. Əziz dostlar.

İlk növbədə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə dəvətə görə dərin minnətdarlığımı bildirirəm. Özbəkistan tərəfinə ənənəvi qonaqpərvərliyinə görə təşəkkür edirəm.

Özbəkistan qardaşım Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi ilə inkişaf və quruculuq yolunda inamla irəliləyir. Onun güclü beynəlxalq nüfuzu, səmərəli iqtisadi islahatları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi irimiqyaslı layihələr Özbəkistanı regionda lider mövqeyə yüksəldib. Prezidentin gündəlik qayğısı sayəsində Özbəkistan dünyanın aparıcı idman dövlətləri sırasında yer alıb.
 

Bu yaxınlarda keçirilən Yay Olimpiya Oyunları bunu əyani şəkildə nümayiş etdirdi. Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə vermiş insandır.


O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır. Uzaqgörən siyasi xadim Şavkat Miromonoviç Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın görür. Şavkat Miromonoviç, hər şeyə görə Sizə bir daha sağ olun deyirəm.

Biz İslam Sivilizasiyası Mərkəzini ziyarət etdik. Özbəkistan Prezidentinin təşəbbüsü ilə yaradılan bu Mərkəz Özbəkistan Prezidentinin ölkənin zəngin mədəni irsinə sadiqliyinin daha bir göstəricisidir. Bəzi ölkələrdə dinimizə qarşı hücumların artdığı bir şəraitdə islamofobiya sistemli xarakter alır. İslam Sivilizasiyası Mərkəzinin açılması bütün dünyaya göstərir ki, İslam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir.

İsam aləminin görkəmli nümayəndələri dünya elminə, mədəniyyətinə böyük töhfə veriblər və İslam Sivilizasiyası Mərkəzi bunu əyani şəkildə nümayiş etdirir. Əminəm ki, möhtəşəm və nadir ekspozisiyaları olan Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bütün İslam dünyası üçün qürur mənbəyinə çevriləcək.

Hörmətli həmkarlar, Azərbaycan artıq üçüncü dəfədir ki, Mərkəzi Asiya sammitlərində iştirak edir. 2023-cü ildə Tacikistan Prezidenti hörmətli Emoməli Şaripoviç Rəhmonun, 2024-cü ildə isə Qazaxıstan Prezidenti hörmətli Kasım-Jomart Kemeleviç Tokayevin dəvəti ilə sammitlərin işində iştirak etdim.

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir.

Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik.

Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər.
 

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir.


Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.

Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq.

Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb.

Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk.

Xüsusilə qeyd edək ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir.

Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır.

Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür.

Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır.
 

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb.


Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir.

Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.

Rəqəmsal rabitə sahəsində əməkdaşlığımız böyük potensiala malikdir. “Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir.

Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün böyük perspektivlər açır.

Sonda Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə hörmətli həmkarlarıma təşəkkür etmək istəyirəm. Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir. Eyni zamanda, bizim formatımızda sədrliyi qəbul etdiyinə görə qardaş Türkmənistanı təbrik etmək istəyirəm.

Diqqətinizə görə sağ olun”.

x x x


Daha sonra BMT-nin Baş katibi Antonio Quterreşin iclas iştirakçılarına məktubu oxunub.

İclasda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında qəbul edilən Qərar və digər sənədlər imzalanıb.


































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO