Türk Dünyasının inteqrasiyasında TARİXİ ADDIM – TDT-nin qlobal gücə çevrilmək PERSPEKTİVLƏRİ – TƏHLİL

Xəbər verdiyimiz kimi oktyabrın 6-7-də Qəbələdə Türk Dövlətlər Təşkilatının Zirvə toplantısı keçiriləcək. Zirvə toplantısına qatılmaq üçün Türk dövlətlərinin liderləri ölkəmizə gəlməkdə davam edir.

Zirvə görüşü Təşkilat üçün strateji əhəmiyyət daşıyır və tədbirdə üzv dövlətlərin liderləri, müşahidəçi ölkələr, həmçinin təşkilatla əməkdaşlıq edən beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Sabah Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək


Qeyd edək ki, 2025-ci il ərzində TDT çərçivəsində iki ayrı Zirvə görüşünün keçirilməsi nəzərdə tutulmuşdu – biri rəsmi, digəri isə qeyri-rəsmi formatda.

Qeyri-rəsmi Zirvə görüşü artıq 20–21 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə baş tutub.

Bu gün və sabah Qəbələdə keçiriləcək Zirvə görüşünün gündəliyinə regional təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri, enerji layihələri, ortaq dil və mədəni irsin qorunması kimi mövzuların daxil edilməsi gözlənilir.

Qeyd edək ki, TDT-yə hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan üzvdür. Macarıstan və Türkmənistan isə təşkilatda müşahidəçi statusuna malikdir. Təşkilatın əsas hədəfi üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni və müdafiə sahələrində əməkdaşlığı dərinləşdirmək, ortaq türk kimliyini və maraqlarını qlobal səviyyədə təmsil etməkdir.

TDT müasir güc platformasına çevrilir

Məmnunluqla qeyd etməliyik ki, TDT beynəlxalq arenada artıq nüfuzlu qurum kimi tanınır və qəbul edilir. Aparıcı dünya dövlətləri bu təşkilatla əməkdaşlıqda çox maraqlıdır. Məsələn Çin, Pakistan, Rusiya və hətta İran həm TDT  ilə, həm də təşkilatın hər bir üzvü ilə yaxından əməkdaşlıq etməyə çalışır.

Bu da təsadüfi deyil. Çünki təşkilatın missiyası ümumbəşəri və sülhpərvərdir. Təşkilatın əsas hədəfi Türk dövlətləri arasında iqtisadi və mədəni əlaqələri dərinləşdirmək və şaxələndirməkdir. Təbii ki, üzv dövlətlərin əlaqələri şaxələndikcə regionun digər ölkələri bundan iqdisadi dividend götürür.

Üstəlik, Son illərdə TDT-yə üzv dövlətlərin sürətli inteqrasiyası onu ənənəvi regional birliklərdən fərqləndirir. Artıq gündəlikdə təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər də yer alır.

Qəbələ görüşünün gündəliyinə baxanda da buna bir daha görmək olur. Təşkilat regional təhlükəsizlik, nəqliyyat dəhlizlərini və enerji layihələrini müzakirə edəcək. Təbii ki, müzakirə edilən bütün məsələlər həm Qərb, həm də Şərq ölkələri üçün olduqca önəmlidir.

TDT-nin iqtisadi potensialı

Nəzərə alaq ki, 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 % böyüyərək 3,2 %-lik qlobal iqtisadi artımı xeyli üstələyib. Hazırda Türk dövlətləri 2,11 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsulla (ÜDM) qlobal iqtisadiyyatda 1,8 % paya sahibdirlər. Bundan başqa, ötən il türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 %-i deməkdir.

Onu da qeyd edək ki, TDT ümumi ərazisi təxminən 4,3 milyon kvadrat kilometr, əhalisi 180 milyondan çoxdur. Dünyada yaşayan türkləri nəzərə alsaq onda bu rəqəm 350–400 milyon nəfəri keçər.

Təbii sərvətlər: neft, qaz, uran, kömür, qızıl, litium, üzüm, pambıq, dəniz nəqliyyatı və aqrar potensial – dünyanın ən strateji resurslarının böyük hissəsi TDT coğrafiyasında yerləşir.

Bu rəqəmlər onu göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq enerji, nəqliyyat və təhlükəsizlik baxımından Avrasiya məkanının dayağıdır.

Mədəni-sosial əlaqələr

TDT bir qurum olaraq Türk xalqları arasında mədəni əlaqələrin dərinləşməsinə və ortaq dəyərləri bir platformada birləşdirməyə çalışır. Məsələn Türk dövlətlərinin ortaq xəritəsi hazırlanırBundan əlavə Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni üzərində hazırda iş aparılır. Himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək.

Eyni zamanda 34 hərfdən ibarət Ortaq Türk Əlifbası yaradılıb. Belə ki, Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası bu əlifbanın yaradılması ilə bağlı razılığa gəlib. Yaxın gələcəkdə Türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.

Hazırda TDT–nin qarşısında duran bir sıra məsələlər var. “Türk Şengen”inin yaradılması, ticarət və nəqliyyat kommunikasiyalarının vahidləşdirilməsi, enerji və investisiya bazarlarının inteqrasiyası – Türk dünyasını vahid iqtisadi məkan kimi formalaşdırmaq.

Bir sözlə, TDT-yə üzv və müşahidəçi statusunda olan ölkələrin ümumi göstəriciləri  özlüyündə beynəlxalq aləmdə güc balansını dəyişdiyini göstərir.

TDT-də Azərbaycanın öncül rolu

Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimində ölkəmizin Türk dünyası ilə bağlı mövqeyini bütün dünyaya bəyan elədi:

“Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Nəzərə alaq ki, Azərbaycan 2026-cı ildə Türk Dövlətləri Təşkilatına (TDT) sədrlik edəcək. Azərbaycan rəhbərliyi dövründə Türk dövlətləri arasında bütün əlaqələrin dərinləşməsi və şaxələnməsi üçün böyük işlər görüləcək.

Gələcəkdə Türk Dövlətləri Təşkilatının (TDT) siyasi, iqtisadi və təhlükəsizlik sahələrində daha dərin inteqrasiya prosesi onu təkcə türkdilli ölkələr üçün deyil, həm də Avrasiya və Yaxın Şərq regionlarında mühüm sabitlik və güc mərkəzinə çevirə bilər.


Bu gün TDT əsasən siyasi həmrəyliyin təzahürü kimi çıxış edirsə, sabah regional və qlobal miqyasda təsirli bir ittifaqa çevrilmək potensialına malikdir. Artıq təşkilat daxilində liderlik, iradə və strateji düşüncə formalaşıb. Qarşıdakı mərhələdə isə bu konsepsiyanı konkret siyasi və iqtisadi reallığa çevirmək vacibdir. Bu istiqamətdə atılan hər addım türk dünyasının əsrlər boyu arzuladığı birliyin gerçəkləşməsinə xidmət edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

End of content

No more pages to load

RADİO