İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul etdi - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşü Azərbaycanda keçirilir. Bu, çox sevindirici haldır. Əminəm ki, belə görüşlərin davamı olacaq.

Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü iki gün bundan əvvəl Macarıstanda keçirilmişdir. Bildirməliyəm ki, belə tədbirlərin, belə görüşlərin keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü idi. Birinci qeyri-rəsmi Zirvə görüşü ötən il Azərbaycanda, Qarabağda, Şuşa şəhərində keçirilmişdir. Dövlət və hökumət başçıları qərara gəldilər ki, belə qeyri-rəsmi görüşlər müntəzəm olaraq keçirilsin.
 

Bizim rəsmi Zirvə görüşlərimiz hər il keçirilir. Amma hesab etdik ki, ildə bir dəfə bu tərkibdə görüşlər kifayət deyil. Bildirməliyəm ki, bu il Azərbaycanda rəsmi Zirvə görüşü keçiriləcək. Bu görüşə ciddi hazırlıq gedir və əminəm ki, Zirvə görüşü zamanı önəmli qərarlar qəbul ediləcək.


Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər.

Bunun üçün bütün imkanlar var. Ölkələrimizdə müsbət inkişaf dinamikası müşahidə olunur. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq.

Bizim ölkələrimizdə əhali artır. Azərbaycana gəldikdə, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə bizim əhalimiz təqribən 7 milyon idi, indi 10 milyonu ötüb.

Bütün üzv ölkələrdə buna oxşar dinamika müşahidə olunur. Əhalimiz gəncdir, dinamikdir, öz tarixi köklərinə bağlıdır. Ona görə biz təşkilat çərçivəsində iqtisadiyyat, nəqliyyat, enerji məsələləri ilə yanaşı, mütləq ortaq köklərimiz, ortaq tariximiz haqqında geniş danışmalıyıq.

Tarixdə müxtəlif məqamlar olub. Biz müəyyən dövr ərzində bizdən asılı olmayan səbəblərə görə bir-birimizdən ayrı düşmüşdük. Ancaq təşkilata üzv olan ölkələrin iradəsi, xalqların iradəsi bizi yenə də bir araya gətirdi. Əlbəttə ki, təşkilatın formalaşmasında, inkişafında tarixi Naxçıvan Zirvəsi xüsusi yer tutur. Biz çox şadıq ki, bu tarixi qərar məhz Azərbaycanın qədim şəhəri olan Naxçıvanda qəbul edilmişdir.
 

O ki qaldı, daxili işlər orqanlarının birgə fəaliyyətinə, təbii ki, buna böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq.


Yəni, heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır. 

Təbii ki, bizim əsas məqsədimiz təşkilatı daha da gücləndirməkdir. Mən tam əminəm ki, əgər bütün üzv və müşahidəçi ölkələr güclü vahid iradə göstərsələr, bizim təşkilatımız dünya miqyasında aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilə bilər. Biz dünyada mövcud olan beynəlxalq təşkilatları yaxşı tanıyırıq.

Biz bəzi təşkilatlara üzvük, bəzi təşkilatlarla müxtəlif formatlarda əməkdaşlıq edirik və Türk Dövlətləri Təşkilatının üstünlüyünü biz şəxsən Azərbaycanda açıq-aydın görürük.

Yenə də bu üstünlük ondan ibarətdir ki, bizi birləşdirən əsas amil tarixi köklərdir, etnik köklərdir, mənəvi dəyərlərdir və təbii ki, qeyd etdiyim kimi, bizim iqtisadi, sənaye və digər sahələrdəki potensialımız.

Bütün bunları biz bir araya gətirmişik, təşkilatı strukturlaşdırmışıq, müxtəlif istiqamətlər üzrə fəal işlər gedir. Hesab edirəm ki, indi əsas məsələ beynəlxalq gündəlikdə söz sahibi olmaq, nəinki təşkilatın coğrafiyasında və onun həndəvərində, qlobal müstəvidə dünyada aparıcı siyasi təşkilatlardan birinə çevrilməkdir. Yenə də deyirəm, bunlar üçün bütün imkanlar var. Əgər olmasaydı, mən bu barədə danışmazdım.

Mən sizi bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizə uğurlar arzulayıram. Təmsil etdiyiniz ölkələrin xalqlarına öz hörmətimi bildirirəm və Sizə uğurlu iş və gözəl nəticələr arzulayıram.

X X X

Sonra çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib:


- Əvvəlcə, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Siz qeyd etdiyiniz kimi, bu, daxili işlər nazirlərimizin ikinci görüşüdür. Birincisi keçən il Qırğızıstanda olub. Siz qeyd etdiniz ki, hörmətli nazirlərimiz görüşürlər, onlar daha çox mahiyyətə diqqət yetirirlər. Bu gün də Kommünike hazırlanıb. Bundan sonra da belə görüşlər keçiriləcək və orada daxili işlər nazirlərinin fəaliyyətinin əsas istiqamətlərini ehtiva edən Kommünike qəbul olunacaq. Bu, banditizm, terrorizm, cinayətkarlıq və sairə ilə mübarizə daxil olmaqla nazirlərimizin fəaliyyətinin bütün istiqamətlərini əhatə edir.

İki gün əvvəl vaxtilə Sizin təşəbbüskarı olduğunuz qeyri-rəsmi Zirvə görüşümüz keçirildi. O, mahiyyət etibarilə qeyri-rəsmi deyil, daha çox rəsmi idi. Orada da hüquq-mühafizə orqanlarımızın işindən bəhs edildi. Siz də qeyd etdiniz ki, keçən il ilk dəfə Şuşada ali məhkəmə instansiyalarımızın görüşü oldu. Ali məhkəmələrin sədrləri bu yaxınlarda - iki həftə əvvəl Antalyada yenidən toplaşdılar və nizamnamə qəbul etdilər. Orada da bütün fəaliyyət istiqamətləri göstərilib. Bizdə artıq baş prokurorlar, notarial orqanlar, ədliyyə nazirlərinin platformaları yaradılıb, keçən il ədliyyə nazirləri də Astanada bir araya gəldilər.
 

Bir sözlə, bütün hüquq-mühafizə bloku institutlaşmaya başlayıb, artıq ilk addımlar atılır. Sizin parlamentdəki inaqurasiya nitqinizdə qısaca qeyd etdiyiniz kimi, hamı bunu dəstəkləyir. İndi Sizin dediyiniz kimi, bizim təşkilat daha güclü ola bilər.


Biz həqiqətən nadir beynəlxalq təşkilatıq. Siz qeyd etdiyiniz kimi, 15 il əvvəl qəbul edilən Naxçıvan Sazişində deyilir ki, bizi məhz tarixi köklər, mədəniyyətimiz, dil, din birləşdirir. Çünki başqa belə bir təşkilat yoxdur və bizim hamımızın vəzifəsi yaradılmış platformalarla onu gücləndirməkdir.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

David Luiz Pepedən sonra ikinci oldu

David Luiz Pepedən sonra ikinci oldu

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI

“Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

“Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

Gəncədəki ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Gəncədəki ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

“Ordu” və “Azərreyl” QALİB GƏLDİ

“Ordu” və “Azərreyl” QALİB GƏLDİ

Alyaskada 6 bal gücündə ZƏLZƏLƏ OLDU

Alyaskada 6 bal gücündə ZƏLZƏLƏ OLDU

“Haranı açıram qışqırırlar, elə bil dəlixanadır” - VİDEO

“Haranı açıram qışqırırlar, elə bil dəlixanadır” - VİDEO

Şərurda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb

Şərurda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb

Hərbçimiz Laçında minaya düşdü

Hərbçimiz Laçında minaya düşdü

"20 Yanvar" dairəsindəki sıxlıq aradan qaldırıldı - YENİLƏNİB/FOTO

"20 Yanvar" dairəsindəki sıxlıq aradan qaldırıldı - YENİLƏNİB/FOTO

Bölgə klubunun yeni baş məşqçisi AÇIQLANDI

Bölgə klubunun yeni baş məşqçisi AÇIQLANDI

Üzərində möhür olan dollarınız varsa... - AÇIQLAMA

Üzərində möhür olan dollarınız varsa... - AÇIQLAMA

Honq-Konqdakı yanğında ölənlərin sayı 83-ə çatdı - YENİLƏNİB/VİDEO

Honq-Konqdakı yanğında ölənlərin sayı 83-ə çatdı - YENİLƏNİB/VİDEO

End of content

No more pages to load

RADİO