Azərbaycan-Gürcüstan əməkdaşlığı YENİ MÜSTƏVİDƏ

Cənubi Qafqazın 2 respublikası - Azərbaycan və Gürcüstan ikitərəfli münasibətlərini yeni keyfiyyət mərhələsinə daşımaqdadır. Ötən həftə Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin bu vəzifədə ilk xarici səfərini Bakıya gerçəkləşdirməsi ölkələrimiz arasında mövcud dostluq və tərəfdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyinə növbəti sübutdur.

Beləliklə, ötən ilin noyabrında qonşu respublikada keçirilən parlament seçkilərində qalib gələn “Gürcü arzusu” partiyasının 3 rəsmi nümayəndəsi - Gürcüstanın baş naziri İrakli Kobaxidze, prezident Mixeil Kavelaşvili və xarici işlər naziri Maka Boçorişvili ilk səfərlərini Azərbaycana etməklə ölkəmizə verdikləri önəmi nümayiş etdirdilər. İndi artıq qarşıda duran strateji layihələrin realizəsinə keçid zamanıdır.    

İqtisadi əməkdaşlıq münasibətlərin təməlində durur

Həmin strateji layihələrin istər ikitərəfli, istərsə də regional əməkdaşlıqda oynayacağı rol Prezident İlham Əliyev və Gürcüstanın yeni prezidentinin Bakı görüşü zamanı bir daha diqqətə çatdırıldı. Dövlət başçıları iqtisadi-ticari əlaqələrdə fundamental çəkiyə sahib sektorlar, xüsusilə də, nəqliyyat-enerji layihələri üzrə prioritetləri açıqladılar və iqtisadi təmasların “yol xəritəsi”ni müəyyənləşdirdilər. Məsələn, Azərbaycan Prezidenti deyir ki, Sitat:
 

“Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.


Sitatın sonu. Gürcüstan prezidenti də hesab edir ki, iki ölkənin həyata keçirdiyi birgə layihələr Cənubi Qafqazı bütün dünya üçün daha cəlbedici edir. Regionun rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün isə davamlı sülhün və sabitliyin təmini vacibdir. Statistik məlumatlara görə,

-Azərbaycan Gürcüstanın iqtisadi tərəfdaşları siyahısında 5-ci yerdədir;

-Azərbaycan şirkətlərinin indiyə qədər Gürcüstana yatırdığı sərmayələrin ümumi dəyəri 3,6 milyard dollar təşkil edir;

-İki ölkə arasında ticarət dövriyyəsi artıq 1,3 milyard dolları keçir;

-2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 213,195 milyon dollar olub;

-Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 12 ölkəyə öz təbii qazını ixrac edir.

Bakı və Tbilisi enerji layihələrini birgə həyata keçirəcək

Bəli, Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan bu gün 12 ölkəyə təbii qazını Gürcüstan tranziti vasitəsilə ixrac edir və yaxın gələcəkdə həmin rəqəmin bir qədər də artacağı gözlənilir. Şübhəsiz, enerji əməkdaşlığı Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Belə ki, qonşu respublikanın təbii qaz istehlakının 80 faizindən çoxu Azərbaycanın payına düşür. Lakin enerji əməkdaşlığı tək ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bu gün hər kəs görür və etiraf edir.

 

Bundan əlavə, ölkələr yaşıl enerji layihələrində də birgə addımlar atırlar. Dünya artıq bərpaolunan enerji növlərinin geniş tətbiqi erasına daxil olur. Aparıcı dövlətlər yaxın 25-30 il üçün enerjiyə olan tələbatlarını məhz yaşıl enerji hesabına təmin etməyi planlaşdırırlar. Odur ki, Azərbaycan da yeni trendləri nəzərə alaraq alternativ enerji potensialını nümayiş etdirir və yetərli qədər tərəfdaşa sahibdir. Həmin tərəfdaşlar sırasında, şübhəsiz, Gürcüstan da yer alır.


Məsələn, 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstan arasında imzalanmış dördtərəfli saziş Azərbaycana məxsus bərpaolunan enerji növlərinin dünya bazarlarına çıxarılmasında əsas tərəfdaşlardan birinin məhz Gürcüstan olduğunu təsdiqləyir.

Orta Dəhliz gələcəyin nəqliyyat formuludur

Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının digər strateji istiqaməti nəqliyyat sahəsidir. Prezident İlham Əliyevin müəllifi olduğu Bakı-Tbilisi-Qars dəmiryolu Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı kimi tanınır. Dəmiryolunun rentabelliyini təsdiqləyən cəhət isə odur ki, beynəlxalq tərəfdaşların xahişi ilə Azərbaycan dəmiryolunun illik ötürücülük qabiliyyətini 1 milyon tondan 5 milyon tona qədər qaldırıb.

Ölkələrimizin iştirakı ilə reallaşan digər layihə isə Orta Dəhlizdir. Dünya nəqliyyat xəritəsində baş verən dəyişikliklər Avropa və Asiyanı birləşdirən daha etibarlı nəqliyyat dəhlizinin yaradılmasını zərurətə çevirir. Orta Dəhliz bütün suallara və problemlərə nöqtə qoya biləcək layihə olaraq qiymətləndirilir.

Amma Orta Dəhlizin Qafqaz formulunun reallaşmasına ciddi maneələr var. İlk növbədə, Avropa İttifaqı tərəfindən... Belə ki, rəsmi Tbilisinin “Xarici təsirlərin şəffaflığı haqqında qanun”u qəbul etməsinə etiraz olaraq Avropa İttifaqının qapılarını sözün əsl mənasında, Gürcüstanın üzünə bağlayan Qərb bununla da kifayətlənməyərək Kobaxidze hökumətini cəzalandırmaq üçün Orta Dəhlizin Gürcüstan deyil, Ermənistan ərazisindən keçirilməsini təşviq edir.

Buna isə Prezident İlham Əliyev imkan vermir və bəyan edir ki, Gürcüstan bütün regional layihələrdə Azərbaycanın təbii müttəfiqi olaraq qalacaq. Gürcüstan vətəndaşları bu mövqenin xalqlarımız arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə təsir göstərəcəyini bildirirlər.

Regionda təhlükəsizlik ən vacib məsələdir

Bakı və Tbilisinin xüsusi önəm verdiyi məsələ regional layihələrin uğurla həyata keçirilməsi üçün bölgədə təhlükəsizliyin təmininə nail olmaqdır. Azərbaycan və Gürcüstan bölgə respublikaları arasında sülh və əməkdaşlığın davam etməsinin vacib olduğunu deyir. Ötən həftə Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri müavinləri səviyyəsində ilk görüşün təşkili tərəflərin bölgədə sülhün yaranmasında maraqlı olduqlarını təsdiqləyir. Lakin Ermənistanın sona qədər bu istiqamətdə pozitiv addımlar atacağı bir qədər sual altındadır.

Çünki, Azərbaycanla hələ də sülh sazişi imzalamadığı üçün xarici dairələrdən asılı vəziyyətdə olan İrəvan istənilən an vədlərindən geri çəkilə və regionda hərbi eskalasiya riskini artıra bilər.

Bununla belə, Tbilisidə 3 ölkənin diplomatiya idarələri təmsilçiləri arasında baş tutan məsləhətləşmələr tərəflərin regional əməkdaşlığın inkişafına və ümumi maraqların müəyyənləşdirilməsinə töhfə vermək istədiyindən xəbər verir.

Əməkdaşlığın ən vacib elementlərindən biri regionla bağlı məsələlərin məhz region çərçivəsində həllini təmin etməkdir. Bakı və Tbilisinin təşviq etdiyi “Qafqaz evi” ideyası bu prosesə təkan verəcək ideal layihə kimi götürülür. Hazırda bəzi xarici qüvvələr Cənubi Qafqaz ölkələri arasında inamsızlıq toxumu səpməyə çalışır.
 

Gürcüstan prezidentinin Bakıya səfəri və Prezident İlham Əliyevin son bəyanatları isə göstərir ki, bəlli mərkəzlər istəklərinə çatmayacaq və yeni reallıqlarla hesablaşmalı olacaqlar. Çünki, Gürcüstan və Azərbaycan bütün məsələlərdə koordinasiya şəraitində çalışır və beynəlxalq səviyyədə də yaxın mövqedən çıxış edirlər. Məsələn, Avropa Şurası Parlament Assambleyası erməni lobbiçiliyini davam etdirərək gürcüstanlı deputatları da boykot variantını seçmək məcburiyyətində qoydu.


Qərb təşkilatlarının məqsədi müstəqil xarici siyasət yeridən Qafqaz respublikalarının milli dövlətçiliyi və milli identikliyinə zərbə vurmaqdır. Avropanın çirkin dəyərlərini Azərbaycana və Gürcüstana sırımaq üçün dəridən-qabıqdan çıxan qərb siyasətçilərinin Ermənistana bu yolla nəfəs qazandırmaq səyləri isə Bakı və Tbilisinin prinsipiallığı qarşısında nəticəsiz qalacaq. 

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Çin Sədri İlham Əliyevi təbrik edib

Çin Sədri İlham Əliyevi təbrik edib

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

Putin Çinə GEDİR

Putin Çinə GEDİR

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

End of content

No more pages to load

RADİO