“Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün MDB ölkələri hökumət başçılarının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.
O, Azərbaycanın MDB ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib:
“Lakin qeyd etmək lazımdır ki, MDB çərçivəsində çoxtərəfli formatda əməkdaşlıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün deyil”.
Baş nazir sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə də iclas iştirakçılarını məlumatlandırıb. Ə.Əsədov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə ballistik raket zərbələri endirməsi nəticəsində dinc sakinlərin həlak olduğunu qeyd edib.
“MDB ölkələrini Ermənistanın Azərbaycanın dinc vətəndaşlarına qarşı keçirdiyi hərbi fəaliyyəti qınamağa çağırıram”, - deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, görüşdə Rusiya Baş Naziri Mixail Mişustin, Belarusiya Baş Naziri Roman Qolovçenko, Qazaxıstan Baş Naziri Askar Mamin və Moldova Baş Naziri İon Çicu da iştirak edib.
Bizim.Media