“Son vaxtlarda qeydiyyat ünvanını dəyişən və qeydiyyatdan çıxıb digər ölkələrə gedən vətəndaşların siyahısı dəqiqləşdirilir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Oqtay Kərimov Mərkəzi Seçki Komissiyasının bu gün dairə seçki komissiyasıları sədrləri üçün keçirdiyi müşavirədə deyib.
O bildirib ki, polis orqanları seçkilərə yüksək səviyyədə hazırlaşır:
"Seçki bülletenləri seçki məntəqələrinə gətirildikdən sonra məntəqələr mühafizə olunacaq. Polislər məntəqədən 100 metr aralıda xidmət aparacaqlar. Polisin fəaliyyəti ilə bağlı qaldırılan bütün məsələlər dərhal öz həllini tapacaq. Seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olan halların qarşısı alınacaq. Polis orqanlarına daxil olmuş müraciətlərə təxirə salınmadan baxılıb, cavablandırılacaq. Seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək”.
Günay Şahmar, Bizim.Media