Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib. Çıxış zamanı nazir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkilinin MDB çərçivəsində "yaşıl enerji"yə keçidi gücləndirəcəyini vurğulayıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, çıxış zamanı konstruktiv fikir mübadiləsi və qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlərin müzakirəsi platforması kimi MDB-nin rolu və əhəmiyyəti vurğulanıb.
Həmçinin MDB üzv dövlətləri ilə iqtisadiyyat, investisiyalar, ticarət, nəqliyyat və kommunikasiya istiqamətləri üzrə həyata keçirilən fəal əməkdaşlıqdan bəhs olunub.
Çıxış zamanı cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində Azərbaycanda aparılan hazırlıq işlərindən də bəhs olunub.
COP29-un Azərbaycanda təşkilinin, həmçinin MDB çərçivəsində "yaşıl enerji"yə keçid məqsədli səylərin gücləndirilməsinə və bu sahədə əməkdaşlığın inkişafına təkan verəcəyinə dair əminlik ifadə olunub.
Bir daha MDB-nin üzv dövlətlər arasında əməkdaşlıq mexanizmi kimi rolu qeyd edilib və iclasın işinin məhsuldar olacağına ümidvarlıq ifadə edilib.
Bizim.Media