Bolqarıstan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində təşkil olunacaq Ümumdünya İqlim Sammitinə ev sahibliyi etmək üçün öz namizədliyini geri götürüb və Konfransın gələn il Azərbaycanda keçirilməsinə şərait yaradılıb.
Bizim.Media “Politico”ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın ətraf mühit naziri Yulian Popov məlumat verib.
O bildirib ki, bu axşam Bolqarıstan konfransa ev sahibliyi etmək üçün namizədliyini geri götürməsi ilə bağlı məktub göndərəcək:
“Xoş niyyət ruhunda və Şərqi Avropa Qrupu tərəfindən təşkil edilən uğurlu iqlim konfransı naminə Bolqarıstan Respublikası COP29-a ev sahibliyi etmək üçün öz namizədliyini geri götürür. Azərbaycan Respublikasının namizədliyini dəstəklədiyimizi bildiririk”.
Qeyd edək ki, ötən gün Ermənistan da sözügedən Konfransa ev sahibliyi etməklə bağlı namizədliyini geri götürüb.
Bizim.Media