“Bütün çətinliklərə baxmayaraq, Azərbaycan sülh sazişinin yekunlaşdırılması üçün birbaşa danışıqların ən qısa zamanda bərpasına sadiqdir. Biz açıq şəkildə Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və neytral üçüncü bir ölkədə görüşməyi təklif etmişik”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında deyib.
“Biz, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkanın mövcudluğuna qəti şəkildə inanırıq. Bu imkandan istifadə etməyin vaxtıdır.
Bunun üçün Ermənistan sülhə gedən yolun qonşuları ilə ikitərəfli dialoqdan və normal münasibətlərdən keçdiyini başa düşməlidir. Digər aktorlar tərəfindən yalnız qarşıdurmaya və sülhün ləngidilməsinə xidmət edən geosiyasi oyunların davam etdirilməsi qeyri-məhsuldardır.
Beynəlxalq ictimaiyyətin üzərinə həmçinin ATƏT çərçivəsində də təxribat xarakterli addımlardan və gərginliyi artırmaqdan çəkinməklə bağlı məsuliyyət düşür”, - deyə XİN başçısı qeyd edib.
Bizim.Media