Ədalət Partiyası Dağlıq Qarabağda son üç gündə başlamış hərbi əməliyyatlarla bağlı bəyanat yayıb. Bəyanatda deylir:
Ədalət Partiyası Dağlıq Qarabağda atəşkəsin pozularaq ağır artilleriyanın iştirakı ilə döyüşlərin yenidən başlamasını erməni təxribatının nəticəsi hesab edir və bildirir ki, torpaqlarımız işğal altında olduğu müddətdə belə hadisələrin tez-tez şahidi olacağıq.
Eyni zamanda Ədalət Partiyası milli ordumuzun düşmən təxribatına qarşı keçirdiyi uğurlu əməliyyatları qürurla qeyd edir. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyin geri alınmasını torpaqlarımızın azad edilməsi istiqamətində cəsarətli addım hesab edir. Bu uğurlu nəticənin əldə edilməsində rəşadət göstərmiş əsgər və zabitlərimizin Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirdiyini bildirir.
Ədalət Partiyası ərazi bütövlüyümüzün müdafiəsində qəhrəmanlıqla həlak olmuş hərbiçilərimizin və dinc sakinlərin ailələrinə, yaxınlarına dərin hüznlə baş sağlığı verir, onların dərdinə şərik olduğunu bildirir.
Ədalət Partiyası bir daha bəyan edir ki, 25 ilə yaxındır ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar problemin həllinə xidmət etmir. Ona görə də Azərbaycan Respublikası ərazilərinin azad edilməsi üçün BMT-nin məlum qətnamələrinin icra edilməsinə nail olmalı, yaxud öz gücünü səfərbər edərək işğalçıları ərazilərimizdən qovmalıdır.