Avropa İttifaqının Ermənistandakı missiyasından Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsi yolverilməzdir.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 3-də Bakıda Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubellə görüşdə deyib.
Nazir post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bərpa-quruculuq fəaliyyəti, bölgədə kommunikasiyaların açılması istiqamətində görülən işlər, o cümlədən Ermənistanla münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi məlumatlandırıb.
O, Ermənistanın öhdəliklərindən boyun qaçıraraq davamlı hərbi-siyasi təxribatlar törətməsinin, mina təhdidini davam etdirməsinin sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb.
C.Bayramov bildirib ki, son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatlar intensivləşib:
"Bunun Aİ-nin Ermənistandakı missiyasının mövcudluğu dövrünə təsadüf etməsi narahatlıq doğurur".
Bizim.Media