“Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaradır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən deyib.
Onun sözlərinə görə, bu stansiya köhnə texnologiya ilə çalışır, onun ciddi texniki problemləri var.
Azərbaycan lideri vurğulayıb ki, Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarəti də narahatlıq doğurur.
Görüşdə "Nüvə silahlarının yayılmaması haqqında" müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirilib, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olunub.
Bizim.Media