İranın xarici işlər naziri Abbas Əraqçi Fransa prezidenti Emmanuel Makronu İranla bağlı mövqeyinə görə tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə Əraqçi X sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Makron İsrail və ABŞ-ın İrana qarşı müharibəsini pisləməyib.
İranlı nazir qeyd edib ki, Makron İsrail Tehranda yanacaq anbarlarını vuranda və milyonlarla insanı toksik təsir riski ilə üz-üzə qoyanda da bunu qınamayıb.
Əraqçi bildirib ki, Fransa prezidentinin indiki “narahatlığı” İsrailin İranın qaz obyektlərinə hücumundan sonra deyil, Tehranın cavab zərbələrindən sonra ortaya çıxıb.
Makronun son mövqeyi fonunda Fransanın əsas çağırışı enerji və su infrastrukturuna hücumların dayandırılması ilə bağlı olub.
Wall Street Journal-ın məlumatına görə, Makron martın 18-də enerji və su obyektlərinə zərbələrə moratorium çağırışı edib.
Reuters də yazır ki, İsrailin İranın Cənub Pars qaz yatağına zərbəsindən sonra bölgədə enerji gərginliyi daha da artıb, Tehran isə cavab olaraq Körfəz ölkələrində enerji infrastrukturuna hücumlar həyata keçirib. Bu kontekstdə Əraqçinin bəyanatı İranın Qərb paytaxtlarının mövqeyinə açıq narazılığı kimi təqdim olunur.
Bizim.Media