ABŞ kəşfiyyat qurumları hesab edir ki, amerika-İsrail hərbi əməliyyatlarına baxmayaraq, İran rəhbərliyi ölkə daxilində hakimiyyətini qoruyub saxlayır və daxildə açıq parçalanma əlamətləri görünmür.
Bizim.Media xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatının müharibədən sonra hazırladığı qiymətləndirmələrdə İran rejiminin dağılmayacağı, əksinə, daha da sərtləşərək hakimiyyəti möhkəmləndirəcəyi ehtimal olunur.
WP-nin məlumatına əsasən, Vaşinqtonda hesab edirlər ki, Tehran rəhbərliyi Donald Trampa qarşı durduğunu və sağ qaldığını düşündüyü üçün özünü daha da güclənmiş hiss edə bilər.
Məqalədə qeyd olunur ki, amerikalı rəsmilər və analitiklər İran rəhbərliyi daxilində nə ciddi parçalanma, nə də yüksək səviyyəli qaçış və ya tərəf dəyişmə siqnalları görürlər. ABŞ kəşfiyyatı yaxın perspektivdə İranda hakimiyyət dəyişikliyinin real görünmədiyini də düşünür.
The Washington Post-un məlumatına görə, bu vəziyyətdə ən çox güclənən struktur SEPAH sayılır. Nəşr yazır ki, müharibə İranın hərbi potensialına zərbə vursa da, ölkə daxilində nəzarət mexanizmləri qorunub və hakimiyyət daha çox təhlükəsizlik aparatının ətrafında cəmlənib.
Məqalədə həmçinin bildirilir ki, ABŞ-ın Fars körfəzi bölgəsindəki müttəfiqləri yaranmış vəziyyətdən narazıdır. WP-yə danışan ərəb rəsmilərindən biri Vaşinqtonun müharibəni İsrail naminə başladığını, lakin sonradan region ölkələrini İranın cavab zərbələri ilə tək buraxdığını deyib.
Mənbənin sözlərinə görə, əvvəlcədən hərbi qarşıdurmanın qısa çəkəcəyi bildirilsə də, indi uzanan müharibə Körfəz ölkələrində ciddi narahatlıq yaradır.
Bizim.Media