Türkiyənin Elazığ vilayətinin Maden rayonunda baş verən hadisədə ata oğlunu bıçaqlayan şəxsi ov tüfəngi ilə vuraraq öldürüb.
Bizim.Media xəbər verir ki, hadisə Maden rayonuna bağlı Gezin kəndində baş verib.
Məlumata görə, restoran sahibi A.K. ilə Ertuğrul Koç (45) arasında bir gün əvvəl restoranda mübahisə yaranıb. Mübahisənin səbəbi məlum olmasa da, ətrafdakı şəxslər tərəfləri ayıraraq insidentin böyüməsinin qarşısını alıblar.
Restoranı bağladıqdan sonra oğlu ilə birlikdə evə qayıdan A.K.-nin avtomobilinin qarşısı Ertuğrul Koç tərəfindən kəsilib. Bu zaman Koç avtomobildən düşən A.K.-nin oğlunu bıçaqlayıb.
Oğlunun bıçaqlandığını görən A.K. avtomobildə olan ov tüfəngini götürərək Koça atəş açıb. Hadisə nəticəsində Koç aldığı güllə yarasından hadisə yerində həyatını itirib.
Silah səslərini eşidən sakinlərin məlumatı əsasında hadisə yerinə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Bıçaqlanan gənc xəstəxanaya aparılaraq müalicə altına alınıb.
Hadisə yerində aparılan ilkin araşdırmadan sonra Ertuğrul Koçun meyiti yarılma üçün Fırat Universiteti Xəstəxanasının morquna göndərilib.
Oğlunun bıçaqlanmasına görə atəş açan A.K. isə jandarma tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Bizim.Media