ABŞ və İsrailin İrana qarşı hücumları davam etdiyi bir vaxtda Tehrandan diqqət çəkən açıqlama verilib.
Bizim.Media xəbər verir ki, İran Ekspertlər Məclisinin üzvü Hüseyn Muzəffəri bildirib ki, ölkədə yeni dini liderin seçilməsi ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib.
Muzəffərinin sözlərinə görə, Ekspertlər Məclisi bu məsələ ilə bağlı hələ ümumi iclas keçirməyib və yeni dini liderin seçilməsi barədə rəsmi proses başlamayıb.
O, ictimaiyyətdə yayılan müxtəlif iddialar və fərziyyələrlə bağlı ehtiyatlı olmağa çağıraraq şayiələrdən uzaq durulmasının vacibliyini vurğulayıb.
Muzəffəri əlavə edib ki, Ekspertlər Məclisinin yeni dini liderin seçilməsi məsələsini müzakirə etmək üçün yaxın 24 saat ərzində toplanması gözlənilir.
Yeni dini lider necə seçilir?
İran Konstitusiyasına görə, ölkənin ən yüksək dini və siyasi vəzifəsi sayılan Ali lider 88 üzvdən ibarət Ekspertlər Məclisi tərəfindən seçilir. Bu məclisin üzvləri isə xalq tərəfindən keçirilən seçkilərlə müəyyən olunur.
Ekspertlər Məclisi yalnız dini lideri seçmək deyil, zərurət yarandıqda onu vəzifədən kənarlaşdırmaq səlahiyyətinə də malikdir.
Regionda gərginlik davam edir
Yaxın Şərqdə müharibənin davam etdiyi bir vaxtda İranda dini liderlik məsələsi ilə bağlı mümkün dəyişikliklər həm ölkə daxilində, həm də regionda siyasi balanslara təsir edə biləcək mühüm hadisə kimi qiymətləndirilir.
Bizim.Media