ABŞ və İsrailin İrandakı neft anbarlarına endirdiyi zərbələrdən sonra paytaxt Tehranda diqqət çəkən görüntülər ortaya çıxıb. Güclü partlayışlardan sonra havaya qalxan qalın qara tüstü və yanmış neft qalıqları şəhərin üzərinə səpələnib.
Bizim.Media xəbər verir ki, İran İnqilab Keşikçiləri ABŞ və İsrailin Tehran neft emalı zavoduna hücumuna cavab olaraq İsrailin Hayfa şəhərindəki neft emalı zavodunu hədəfə aldıqlarını açıqlayıb.
İran dövlət televiziyasının yaydığı məlumata görə, həmin obyekt “Heybərşikan” adlı ballistik raketlə vurulub. ABŞ və İsrail 28 fevralda İranla danışıqlar davam etdiyi bir vaxtda ölkəyə qarşı hərbi əməliyyatlara başlayıb.
İran isə cavab olaraq İsraillə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib.
İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib ki, ABŞ və İsrailin hücumları nəticəsində 926 nəfər həyatını itirib. Münaqişə fonunda Yaxın Şərqdə gərginlik daha da artır.

Bizim.Media