Türkiyənin Bursa şəhərində gözəllik salonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar məlum olub. Keçmiş sevgilisi Nagihan Karadenizi başından güllələyərək öldürən Halit Dertlinin xəstəxanada müalicəsi davam edir.
Bizim.Media xəbər verir ki, hadisədən əvvəl onların iş mərkəzinə təxminən iki saat fərqlə daxil olduqları anlar təhlükəsizlik kameralarına düşüb.
Hadisə necə baş verib?
Hadisə 4 mart saat 18:30 radələrində Nilüfer rayonunun Konak məhəlləsində yerləşən 7 mərtəbəli iş mərkəzinin 4-cü mərtəbəsindəki gözəllik salonunda baş verib.
Məlumata görə, Halit Dertli keçmiş sevgilisi Nagihan Karadenizin işlədiyi salona gəlib. O, əvvəlcə içəridə olan müştəri və işçiləri çölə çıxarıb, qapını bağlayıb və daha sonra silah səsləri eşidilib.
Hadisə yerinə çağırılan polis və təcili yardım əməkdaşları qapını sındıraraq içəri daxil olduqda Nagihan Karadeniz və Halit Dertlini ağır yaralı vəziyyətdə tapıblar.
Xəstəxanaya aparılan 40 yaşlı, bir uşaq anası Nagihan Karadeniz həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib. Onun cənazəsi otopsiyadan sonra Mihraplı məscidində qılınan cənazə namazından sonra Yaylacık qəbiristanlığında dəfn edilib.
İntihara cəhd edən 49 yaşlı Halit Dertlinin isə reanimasiyada müalicəsi davam edir.
6 dəfə atəş açdığı iddia olunur
Bildirilir ki, daşınmaz əmlak işi ilə məşğul olan və müxtəlif cinayətlər üzrə əvvəllər də qeydiyyatı olan Halit Dertli ilə Nagihan Karadeniz təxminən bir il əvvəl ayrılıb.
İddialara görə, Dertli barışmaq üçün keçmiş sevgilisinin iş yerinə gəlib. Qadın onun təklifini rədd etdikdən sonra kişi əvvəlcə 2 dəfə Karadenizə atəş açıb, daha sonra qapıya 7 dəfə güllə atıb, ardınca isə yaralı qadına 4 güllə də sıxıb. Bundan sonra eyni silahla özünü vuraraq intihara cəhd edib.
Panika anları kamerada
Nagihan Karadeniz və Halit Dertlinin hadisə günü iş mərkəzinə iki saat fərqlə daxil olduqları və hadisədən sonra yaranan panika anları binanın girişindəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda əvvəlcə Nagihan Karadenizin binaya daxil olduğu, təxminən iki saat sonra isə Halit Dertlinin gəldiyi görünür. Hadisədən sonra yaralıların təcili yardım maşını ilə xəstəxanaya aparıldığı da görüntülərdə yer alıb.
Hadisə ilə bağlı Bursa Respublika Prokurorluğunun istintaqı davam edir.


Bizim.Media