Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycanın benzin tədarükünün Ermənistana fasiləsiz həyata keçiriləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.
“Niyyətimiz biznesi müharibə yox, ticarət aparıla bilən bir müstəviyə çıxarmaq idi. Müharibə qurbanlar və itkilər gətirir, ticarət isə rifah yaradır”, — deyə Papoyan vurğulayıb.
Azərbaycan benzininin fasiləsiz tədarükü ilə bağlı aydın razılaşma olub-olmaması sualına nazir müsbət cavab verib.
“Əlbəttə, razılaşma var, lakin bu, gələcək bazar şərtlərindən asılı olacaq”, — deyə o qeyd edib.
Bununla belə, erməni nazir Azərbaycan benzininin Ermənistan bazarında hansı qiymətə satılacağını deyə bilməyib:
“Hazırda demək çətindir. İlk tədarük zamanı qiymətlər qeyri-standartdır, görünür, növbəti tədarük də qeyri-standart olacaq. Daha sabit və aydın bazar konfiqurasiyası formalaşdıqdan sonra hər şeyi dəqiq deyə biləcəyik”.
Bizim.Media