44 gün davam edən İkinci Qarabağ Müharibəsi zamanı erməni ictimaiyyətini “cəbhədə uğurlu əməliyyatlar keçirilir” ifadəsilə aldadan Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Arçrun Ovannisyan Azərbaycan ordusu tərəfindən Şuşa şəhərinin erməni işğalından azad edilməsinin təfərrüatlarını ortaya çıxarıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı erməni mətbuatı yayıb.
Mənbə yazır ki, noyabrın 8-də “Artsax” adlanan qondarma rejimin “Müdafiə Ordusu”nun komandanı Mikael Arzumanyan o vaxt Ermənistanın müdafiə naziri David Tonoyana Şuşanın və onun ətraflarının Azərbaycan bölmələrindən uğurla təmizləndiyini bildirib.
"Tonoyanın sevincli səsi hələ də qulaqlarımdan getmir" - "Fakt" qəzeti Ovannisyanın dediklərindən sitat gətirib.
Ovannisyanın sözlərinə görə, noyabrın 9-da səhər saatlarında jurnalistlər ona zəng edərək reportaj çəkmək və "erməni ordusunun qəhrəmanlıqlarından" bəhs etmək üçün Şuşaya getməyi təklif ediblər, lakin dərhal Müdafiə Nazirliyi erməni qüvvələrinin şəhərə yaxınlaşa belə bilmədiklərini deyiblər.
"Mən həmin an şoka düşdüm”, - deyə Ovannisyan xatırlayıb.
Bizim.Media