"Günün sədası" səhər şousunun çəkiliş heyəti mərhum müğənni Rüfət Mehtiyevin evində qonaq olub.
Bizim.Media xəbər verir ki, çəkiliş heyəti sənətçinin qızları Zemfira və Jalə ilə həmsöhbət olublar.
Mehtiyevin kiçik qızı Jalə mərhum atasına çox bənzədiyini söyləyib: "Atama həm xasiyyətcə həmdə görünüşcə oxşuyuram".
Sənətçinin həyat yoldaşı isə indiyə kimi heç bir verilişə evlərində çəkiliş aparmağa icazə vermədiyini açıqlayıb:
"Mən efirlərdə olmağı xoşlamıram. Uşaqlarımı verilişlərə çağırıblar. Onlar da iştirak ediblər. Çox həssas insanam (ağlayır). Mənim bacım da bir müddət əvvəl koronavirusa yoluxdu və dünyasını dəyişdi. Biz indi özümüzə gəlirik. Bir ildir ki, gözümüzün yaşı qurumur. Bacım qucağımda rəhmətə getdi".
Süjetdə Rüfətin həyat yoldaşı müğənni haqda heç kimin bilmədiyini məqamlara toxunub.
"Mahnılarını ilk mənə dinləndirdi. Qulaq asıb, onunla birlikdə ifa edirdim. Rüfət ürək çatışmazlığından dünyasını dəyişdi. İnfarkt keçirtdi".
Sənətçinin qızı Zemfira da atası haqda xatirələrini bölüşüb.
"Çox heyif ki, o bizim nə universitetə qəbul olmağımızı, nə toyumuzu, nə də nəvəsini görə bilmədi. Çox istərdik ki, atamız bizim yanımızda olsun. Qızımın şəkillərini paylaşanda hamı yazır ki, babasına çox bənzəyir".
Qeyd edək ki, 11 il əvvəl gecə saat 03:00 radələrində dünyasını dəyişib. Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 1992-ci ildən müğənnilik karyerasına başlayıb. "Space" Televiziyasında hazırlanmış "Qış Nağılı" (2004) və "Baharın Nağılı" (2008) filmlərdə rol alıb.
Rəşad Əliyev, Bizim.Media