İtaliyada pandemiya dövründə statistik məlumatları dərc edən Ali Səhiyyə İnstitutunun araşdrımasına görə, ölkədə COVID-19-a qarşı peyvəndin hər iki dozasını qəbul edənlərin bu xəstəlikdən ölüm riski vaksinasiyadan keçməyənlərə nisbətən 96,82 faiz daha azdır.
Bizim.Media-nın məlumatına görə, aprelin 4-dən avqustun 8-dək olan dövrü əhatə edən hesabata görə, vaksinasiyadan keçməyənlər peyvənd edilənlərə nisbətən daha böyük risk altındadırlar. Belə ki, peyvənd olunmayanlarla müqayisədə vaksinasiyadan keçənlərin ölüm riski 96,82 faiz, reanimasiyaya ehtiyac nisbəti isə 97,16 faiz daha aşağıdır.
Peyvənd olunanların xəstəxanaya yerləşdirilməkdən qorunma nisbəti 94,7 faiz, xəstəlikdən qorunma nisbəti isə 82,33 faizdir.
Qeyd edək ki, hazırda İtaliyada "Pfizer/BioNTech", "Janssen", "Moderna" və "Vaxzevria" ("AstraZeneca") peyvəndlərindən istifadə olunur. Dekabr ayında başlayan vaksinasiya kampaniyası çərçivəsində bu günə qədər 12 yaşdan yuxarı əhalinin 65 faizinə bərabər olmaqla hər iki dozanı qəbul edənlərin sayı 35 milyon nəfərdən çoxdur.
Bizim.Media