İran Ali Məhkəməsi məşhur etirazçı repçi Tumac Salehinin edam hökmünü ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə iranlı reperin vəkili Əmir Rəisian məlumat yayıb.
Onun sözlərinə görə, məhkəmə işin yenidən araşdırılmasına qərar verib. O, bildirib ki, Ali Məhkəmə hətta Tumac Salehinin öncəki 6 il 3 ay həbs cəzasının da cinayətlərin çoxluğu qaydalarına uyğun olmadığını vurğulayıb.
Qeyd edək ki, aprelin 24-də Tumac Salehiyə 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra ölkədə baş verən kütləvi etirazlara dəstək verdiyi üçün edam cəzası verilmişdi.
Salehi edamdan əlavə, iki il yaradıcılıq fəaliyyətinə qadağa, iki il küçəyə çıxma və davranışın idarə edilməsi dərslərində iştirak kimi cəzalara da məhkum edilib.
Bizim.Media