Oktyabrın 25-də Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik keçirdiyi brifinqdə məlumat verib.
Zaxarova bildirib ki, Rusiya rəhbərliyi erməni xalqının təhlükəsizliyi üçün öz həyatlarını riskə atan, yeri gəldikdə isə qurban verən sülhməramlıların ünvanına “odioz” nəşrlərin yayımladıqları məlumatlar erməni diplomatın diqqətinə çatdırılıb.
“Ermənistandan olan diplomatın diqqətinə həmçinin Ermənistanın kütləvi informasiya vasitələrində, o cümlədən hakimiyyətin nəzarətində olan İctimai televiziyada və teleqram kanallarında aparılan anti-Rusiya kampaniyasının qəbul edilməzliyi də çatdırılıb. Əminəm ki, Ermənistan tərəfi söhbətin nədən getdiyini anlayır”, - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, oktyabrın 23-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.