Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Balakən rayon Mədəniyyət Mərkəzində Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu “Nurlu ömrün anları” tamaşasını oynayıblar.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Mədəniyyət Mərkəzindən məlumat verilib.
Tamaşadan öncə çıxış edənlər 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, bununla əlaqədar olaraq respublikamızda, o cümlədən Balakən rayonunda silsilə tədbirlərin keçirildiyini bildirib.
Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb. Hər bir azərbaycanlının qəlbində xalqımızın xilaskarı və müstəqil dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi olduğunu, Onun əziz xatirəsinin daim qəbimizdə yaşayacağını vurğulayıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu ömrün anları” tamaşası rayon sakinləri tərəfindən maraqla qarşılanıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu