İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslının “OLAYLAR”x9d-a müsahibəsi
-Tahir bəy, vətənpərvərlik anlayışı İslamda necə tərənnüm
olunur?
-Vətən bizim mənəvi-milli dəyərlərimizi özündə yaşadan coğrafi ərazidir və
hər bir vətəndaşın düşüncəsində bölünməzdir, toxunulmazdır. Onun qorunması uğrunda canından və malından keçmək hər
bir vətəndaşın dinindən, irqindən, milliyyətindən, əqidə və etiqadından asılı
olmayaraq mənəvi borcudur. Bunu mənəvi vəzifə borcu bilib, layiqincə düşünərək əməl
edənlərə vətənpərvər deyilir. Onu qeyd etmək istəyirəm ki, dinimiz hər şeyə
sahib çıxmır, rədd də etmir və əksinə yardım edir. Belə ki, dindən əvvəl
olan milli dəyərlər və xüsusiyyətləri yüksək qiymətləndirir və hörmətlə
yanaşır. Hətta insanın bu sahələrdə çatışmazlıqlarına yardımçı olur və yanlış
düşüncələrdən xilas olma yollarını göstərir. Çünki hər bir insan yaşa dolduqca,
mürdikləşdikcə ictimailəşmək, hər şeyə, dövlətinə, insanlığa, xüsusən milli və
dini dəyərlərə sahib durmaq istəyi və haqqı var. Ona görə insan bu kimi dəyərləri
və xüsusiyyətləri özünün ağılı, əqidə etiqadı vasitəsi ilə ciddi yəni səbrli qərarlar
qəbul etmək məcburiyyətindədir. Bilgisizlik, çaşqınlıq, ümidsüzlük, imansızlıq,
əqidə və etiqadsızlıq kimi hal olarsa din insanalara yuxarı səviyyədə özünü tanımaq
və hüquqlarını qorumaq kimi ali məqamlara yetişmək yolunu və nümunələrini göstərir
və tanıdır. Vətən və millət başla bədən kimidir. Bunları heç vaxt bir-birlərindən
ayrı təsəvvür etmək olmur. Vətən millətin əlindən alınarsa, o millət nə özünü,
nə də milli mənəvi dəyərlərini tanıtdıra bilməz, yanlışlıqlar içində yaşayıb
dünyadan silinə bilər. Millətin yox olması isə dinin məhv olması deməkdir. Hz.
Peyğəmbərimiz (s) buyurub: “Vətəni sevmək imandandır”x9d. Yəni Vətənini sevməyənin
imanı yoxdur, dindar olsa belə. Demək millət dininə sahib olduğu qədər, dinimiz
də millətin milli- mənəvi dəyərlərinə sahib durur..
-İslam dinində əsl vətənpərvər insan kim hesab edilir
və o insanda hansı xüsusiyyətlər öz əksini tapır?
-Qeyd etmək lazımdır ki, hər kəs düşündüyü və bacardığı qədər öz vətənpərvərlik
missyasını yerinə yetirməlidir ki, cəmiyyətə və dövlətə sahib dursun. Düzdür, vətənpərvərlik dedikdə ilk ağla gələn
fikir şəhidlik olsa da, insan insanların və insanlığın qayğısına
qalmaq üçün ictimai, siyasi, hərbi və iqtisadi sahələrdə bacardığı işi vəzifə
borcu bilib, hərəkət etməlidir. Əslində vətənpərvərlik çoxşaxəli və
istiqamətlidir, ictimai həyatımızda bütün sahələri əhatə edir. Az və ya çox vətənə
və millətə xidmət etmək insanın imanından, fikir və düşüncələrindən asılıdır.
Burada yaş, zaman və məkan önəmli deyil. İnsan kamilləşdikcə belə xidmətlər
davamlı olaraq qarşısına sınaq kimi çıxır və insan bu fürsətdən istifadə edib
böyük məqamlara yetişə bilir. Hər bir vətənpərvər insanın əzəməti isə qarşısına
çıxan hadisələrdə verdiyi ciddi qərarlardan asılıdır. Hz. Muhəmməd (s) buyurub:
"Bəndə, hərçənd ibadətində zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə
böyük dərəcələrə və ali məqamlara çatar". Vətənpərvərliyin tərkibi olan şəhidlik
haqqında Allah-təala Quranında, Hz. Peyğəmbər (s) və İmam (ə)lar bir çox hədislərində
dəfələrlə toxunmuş və hər bir müsəlmanın şərəfini, namusunu, malını və canını
müdafiə etmək səlahiyyətində olduğunu dəfələrlə vurğulamışlar. Hz. Muhəmməd (s)
buyurub: “Ey insanlar! Düşmənlə qarşılaşmaq istəməyin. Allahdan (vuruşmaq fəlakətindən)
qorumasını istəyin. Amma elə ki, düşmənlə qarşılaşdınız, (bütün şiddətli
vuruşmaya qarşı) dayanıb səbr edin. Bilin ki, cənnət qılıncların kölgəsi
altındadır”x9d.
Ayə və hədislər bizə onu öyrədir ki, vətən sevgisi tək təəssübkeşliklə bitmir və
heç də quru torpaq sevgisi deyildir. Vətən sevgisi insanın təfəkküründə səxavətdən
və imandan irəli gələn bir şeydir. Yəni insan o qədər mənəvi halda olur ki,
artıq bütün vətəndaşları öz ailəsi bilir və onlara maddi və mənəvi dayaq durmaq
arzusunda olur. Səxavətin ən yüksək məqamı insanın özü üçün ən dəyərli olanı
canıdır ki, onu da dövlət, milləti, milli- mənəvi və dini dəyərləri
uğrunda Allaha xatir qurban verir və şəhidlik zirvəsinə ucalır. Vətəni
sevmək, onu qorumaq dinimizin bizə vacib buyurduğu əmrlərdəndir. İstər daxili,
istərsə də xarici düşmənlərə qarşı vuruşmada öz canını fəda edənlər, şəhidlik
rütbəsinə nail olurlar ki, bu da İslamda peyğəmbərlik dərəcəsindən sonra ən uca
mərtəbədir. Çünki həm Qurani-Kərimdə, həm də hədisi-şəriflərdə şəhidlərin ölməzliyi,
Allah yanında ruzi yedikləri dəfələrlə bəyan olunmuşdur. Qurani-Kərim bu
mövzunu belə açıqlayır: “Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar
(Allah dərgahında diridirlər. Lakin siz bunu dərk etmirsiniz”x9d. (Bəqərə surəsi,
ayə 154). Digər bir ayədə Allah buyurur: “Allah yolunda öldürülənləri heç də
ölü zənn etmə! Xeyr, onlar Rəbbi yanında diri olub ruzi yeyirlər. Onlar Allahın
öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca
gəlib hələ onlara çatmamış (şəhid olmamış) kəslərin (axirətdə) heç bir qorxusu
olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”x9d.
(Ali-İmran surəsi, ayə 169,170).
Hz. Peyğəmbər (s) buyurub: “Mən qiyamət günündə bu mübarək şəhidlərin Allah
yolunda canlarını sevərək Allah yolunda fəda etdiklərinə şahidlik edəcəyəm. Şəhidləri
qanlı paltarları ilə dəfn edin”x9d. Digər bir hədisində isə buyurur: “Cənnətə
girdikdən sonra heç bir kimsə dünyaya təkrar gəlməyi arzu etməz. Hətta
dünyadakıların hamısını onlara versələr də. Ancaq şəhid şəhidliyin üstünlüyünü
gördüyü üçün təkrar dünyaya gəlmək və on dəfə şəhid olmaq istər”x9d. Bir şeyi də
qeyd edim ki, şəhidin bəndəlik borcundan başqa bütün günahlarını Allah
bağışlayar.
-Bəs bu gün Azərbaycan gəncini nə dərəcədə vətənpərvər
saymaq olar?
-Gənclər dünyəvi hədəfə çatması üçün asan yollar axtarışındadırlar. Belə ki, tez nəticə əldə etmək üçün bir dəstələri müğənnilik
edir, yaxud idman sahəsində şan-şöhrət taparaq gələcəyini təmin edirlər. Digər
bir dəstə hədəfə çatmaq üçün rüşvətə əl atır, bir başqa dəstə isə yanlış təfəkkürün
din adından gənclərə sırınması ucbatından cəmiyyətdən təcrid olub. Gənclərin
belə hallarda öz başına qərarları, ciddi narahatçılıq yaratsa da, əksər gənclərimizin
əhval- ruhiyyəsində saf və sağlam düşüncəli vətənpərvər xüsusiyyətləri bizləri
sevindirir. Onu da qeyd edim ki, övladlar valideynlərinə müxalif (sağlam)
olmasalar, inkişaf, təkamül baş verməz və milli mənəvi dəyərlərin aradan getməsinə
səbəbkar olarlar. Məsələn, bizlərin hər birimiz valideynlərimizin yaşadığı şəraiti
bəyənməyib, yeni müasir tipli, təlabatlara cavab verən şərait qururuq və
yaşayırıq. Bunu keçmiş dövrlərlə müqayisə etsək nə qədər fərqli həyat olduğunu
görərik. Hətta indiki gəncliyin gözü ilə baxsaq nə qədər məşəqqətli həyat kimi
dəyərləndirərdilər. Vətənpərvərlik və milli-mənəvi dəyərlər də müasir tələblərə
cavab verən təfəkkür, əqidə və etiqad istəyir. Müasir elmi-texniki
inkişaf imkan verir ki, gənclər seçim edib ciddi qərarlar qəbul etsin ki,
vaxtlarını boşuna, məsrəfsiz işlərə sərf edib, məşğul olmasınlar. Ona görə gənclər
yanlışlığa yol verib boşuna həyat tərzindən əl çəkib, Allahın buyurduqlarına əməl
edərək, həyat proqramlarını ciddiləşdirib və müqəddəsləşdirməlidirlər. Çünki, həyatın
dinamikası belə qurulub ki, hamı qocalığın və ölümün dadını dadacaq və onun
imtahanını verəcək. Gənclik qarşısına elə proqram qoymalı və ona əməl etməlidir
ki, qocalanda utanmasın, unudulmasın lənətlik olmasın. Bu proqram (ideologiya) əsasən
7 suala cavab verməlidir; “Mən kiməm, hardan gəlmişəm, hara gedirəm, nə etməliyəm,
nə edə bilərəm, nə halaldı və nə haramdı”x9d. Dinimiz bu suallara daha dolğun, məntiqli
və mükəmməl cavab verdiyindən, ona sahib dururmaq hamının müqəddəs
borcudur.
-Gənclərdə vətənpərvərlik hisslərinin daha da
artırılması üçün nələrin edilməsi, hansı addımların atılması zəruridir?
-Dinə olan münasibət- hiss adətən uşaqlıqdan tədricən formalaşır. Çünki onlar saf və günahsız olduqları üçün dini
mövzuları sevirlər və daha tez cəlb olunurlar. İnsan dünyanı dərk etdikcə
ictimai təfəkkürə meyilliliyi, vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik
hissləri güclənir. Bu hiss gələcəkdə öz dövlətinin tərəqqisi üçün can
yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı
naminə əlindən gələni etmək deməkdir. Məktəblərdə idman, musiqi və əmək təlimi
dərsləri ilə bərabər, dini dərslərin də keçirilməsi zərurəti yaranıb. Ali təhsil
ocaqlarında isə gənclər azad dinləyici kimi dini dərslərə cəlb oluna bilərlər.
Əlbəttə dövlət nəzarəti və istəyi ilə belə tədbirlər baş tuta bilər. Hər bir
insanı düşündürən qaranlıq suallar var. Bu suallar insanı daima qarabaqara hər
vaxt və hər yerdə izləyir və düşündürür. Xüsusən bir insan öləndə, dəfn ediləndə
və yas məclislərində. Suallar bunlardı; Ölüm, ölümdən sonrakı həyat, bərzəx aləmi,
qiyamət günü, mələklər, şeytan, nəfs, cənnət, cəhənnəm, vicdan, ruh, peyğəmbərlər
və sorğu - sual. Elmlərın içində ancaq dinimiz bu suallara cavab verir və
qaranlıqları işıqlandırmağa aparır.
-Gənclərdə vətənpərvərlik hissinin aşılanması üçün
bağça və məktəblərdə bu istiqamətdə aparılan işlər qaneedicidirmi?
- Fərdi və ictimi toplum şəkilində bir az qabağa getsək də, fürsətdən
yararlanıb cəmiyyətimizə, dövlətimizə və onun milli-mənəvi və dini dəyərlərinə
ağır zərbələr vurmaq istəyənlər də var. Ona
görə dövlət anlayışı dini təfəkkürlə bir arada olmalıdır. Bunlar ayrılmazdır,
istər aşkar, olsun istərsə də gizlin. İstər qanuni olsun, istərsə də
qeyri-qanuni. Bu missiyanı hər bir vətandaş dərk edərək gələcək nəsillərə əmanət
kimi daşımalıdır. Əks təqdirdə ağrılı-acılı taledən, ağır sınaqlardan qaça bilməyəcəyik.
Baxın bir insanın böyüyüb, boya başa çatması üçün dövlət və millət ayaq üstə
olur. Bunu hər bir şəxs bilməlidir və bu qayğıya nankorluq etmək olmaz. Hər kəsin
ailəsi ilə cəmiyyətlə Allahla hesab kitabı olduğu kimi dövlətlə də hesab kitabı
olmalıdır. İlk əvvəl dövlət və din insana böyük qardaşlıq edir, sahib durur və
tanıtdırır. İnsan böyüyəndə isə dövlətinə və dininə böyük qardaşlıq edib ona
sahib durub tanıtdırmalıdır.