Yasamaldakı Qanlıgölün ətrafında yerləşən meşəlik ərazidə ötən ildən bəri park salınacağı ilə bağlı lövhə quraşdırılsa da, heç bir addım atılmır.
Bizim.Media İTV-yə istinadən xəbər verir ki, əksinə, həmin ərazidə quruyan və kəsilən ağacların sayı artır.
Sakinlər bildirir ki, sözügedən ərazidə həm ağaclar seyrəlir, həm də qazıntı işləri gedir. Onlar iddia edirlər ki, ərazidə park salınmayacaq, yaşayış binaları tikiləcək:
“Çalışdığımız qədər buna imkan verməyəcəyik, çünki əsas yaşıllıqdır. Hər yerdə bina tikməklə deyil ki! Həmin ərazidə park salınsa, yaxşı olar”.
Tikinti şirkətindən isə bildirilib ki, sözügedən ərazidə yaşıllıq zonası və park salınması nəzərdə tutulub:
“Bu plan hazırda da qüvvədədir. Layihə üzrə ilkin hazırlıq işləri aparılıb. Sadəcə olaraq mövcud torpaq sahəsinin hüquqi statusu tam rəsmiləşdirilməyib. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib. Prosesin qanuni tərəfləri tam həllini tapandan sonra işlərə start veriləcək. Biz park layihəsini reallaşdırmaqda maraqlıyıq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda isə qeyd edilib ki, 2024-cü ildə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət əsasında Dövlət Ekoloji Ekspertiza Agentliyi ərazidəki quruyan ağacların götürülməsinə rəy verib və proses icra edilib:
“Həmin tarixdən indiyədək şamlıqda bir dənə də olsun ağac kəsintisi qeydə alınmayıb”.
Daha ətraflı videomaterialda:
Bizim.Media