“Qurtuluş” Reabilitasiya Mərkəzinin əsl sahibinin kimliyi üzə çıxıb.
Bizim.Media "yenisabah.az"a istinadən xəbər verir ki, MMC kimi qeydiyyatdan keçən qurumun sahibi ilahiyyatçı Yaşat Qurbanovdur.
Xatırladaq ki, bu gün "Qurtuluş"un rəhbəri Ceyhun Salmanov və 2 əməkdaşı - Elşad Məhərrəmov və Natiq Əliyev saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Bundan sonra “Qurtuluş” Reabilitasiya Mərkəzinin əsl sahibinin kimliyi ilə bağlı iddialar ortaya çıxıb. Mərkəzin əsl sahibi ilahiyyatçı Yaşar Qurbanov olduğu deyilir.
Y. Qurbanov Səudiyyə Ərəbistanı Krallığında dini təhsil almış ilk azərbaycanlılardan biri kimi tanınır. O, Mədinə Beynəlxalq İslam Universitetinin Hədisi-Şərif və İslami Araşdırmalar fakültəsinin məzunudur. 1975-ci ildə anadan olan Qurbanov uzun illərdir Azərbaycanda ilahiyyatçı kimi fəaliyyət göstərir.
Ölkədə dini verilişlərin məhdud olduğu dövrlərdə belə Yaşar Qurbanov müxtəlif radio və televiziya kanallarında dini mövzulu proqramlar aparıb. “İslam dünyası” adlı verilişi vaxtilə "Antenn FM", "Araz FM", eləcə də Xaçmaz və Yevlax regional televiziyalarında yayımlanıb. Hazırda isə o, hər Cümə günü saat 16:10-da 100.5 TMB radiosunda yayımlanan “Cümənin bərəkəti” verilişinin aparıcısıdır.
Yaşar Qurbanov sosial şəbəkələrdə də aktivdir, tez-tez İslam mövzusunda paylaşımlar edir və izləyicilərinin suallarını cavablandırır.
Bundan əlavə, ilahiyyatçı bir neçə dəfə “Qurtuluş” Reabilitasiya Mərkəzinə baş çəkib. O, mərkəzin idarə heyəti ilə görüşərək sağalma prosesi barədə ətraflı məlumat alıb, yaradılan şəraitlə tanış olub. Qurbanov mərkəzdə müalicə alan pasiyentlərlə görüşüb, onların dini mövzuda suallarını cavablandırıb, motivasiya xarakterli çıxışlar edib və çətinliklərin dəf olunması üçün tövsiyələr verib.
Mərhum Cabir İmanovun dəfnindən sonra Y.Qurbanov digər ilahiyyatçı Əlixan Musayev əleyhinə videoları ilə gündəmə gəlib.
Bizim.Media