Texnologiyanın sürətli inkişafı insanların həyatına da təsir göstərir. İnsanların gündəlik həyatına daxil olan ChatGPT bir çoxları üçün dost, həkim rolunu əvəzləyir. Süni intellekt problemləri analiz edir, məntiqli cavablar verdiyi üçün bir çoxlarını özünə daha tez cəlb edir. Mütəxəssislər isə təhlükə ilə bağlı həyəcan təbili çalır.
Bizim.Media xəbər verir ki, psixoloq Aygül Məlikovanın sözlərinə görə, pasiyentlər seansdan əvvəl problemlərini bu cür proqramlarla paylaşdıqlarını və həmin proqramların səbəbləri müəyyənləşdirdiyini bildirirlər:
“Duyğu, düşüncə, davranış üçbucağının düzgün şəkildə təhlilini ChatGPT edə bilməz. Maksimum siz əlamətləri yaza bilərsiniz, orda isə ehtimallar irəli sürülə bilər. Bu isə terapiya anlamına gəlmir. Düşüncələrinizi real formada analiz edib aça bilmir. Bunun üçün də süni intellekt duyğularınızın harda, nə səbəbə qaynaqlandığını, yaşadığınız hadisələrin hansı hadisələrlə eyniləşdirdiyinizi doğru şəkildə yönləndirə bilmir”.
Psixoloq onu da əlavə edib ki, süni intellekt bəzən daha təhlükəli hal ala bilər:
“Bizə real olmayan məlumatlar verə bilir. Paylaşdığımız informasiyaları doğru şəkildə təhlil etməyə bilir. Daha sonra süni intellektə ad qoyacaq qədər, onunla bir bacı, dost kimi danışacaq qədər yaxın rəftar göstəririksə, bir müddətdən sonra bu da sıxıcı bir hal almağa başlayacaq və daha sonra istəmədiyimiz cavabları aldığımız zaman xəyal qırıqlığı yaşaya və ya yanlış istiqamətlərə məruz qala bilərik. Nəzərə alın ki, psixoloq psixoloq, həkim həkimdir. Proqram isə süni intellektdir”.
Bizim.Media