ABŞ Prezidenti Donald Tramp Ağ Ev yaxınlığında baş verən son silahlı insidentlə bağlı Bayden administrasiyasını sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri hücumu həyata keçirən Rahmanullah Lakanvalın məhz Baydenin dövründə ölkəyə daxil olduğunu bildirib.
Tramp həmçinin ABŞ-ın Əfqanıstandan çıxma prosesini də “səhv qərar” adlandıraraq Bayden komandasını məsuliyyətsizlikdə ittiham edib.
Dünən Ağ Evdə keçirilən mətbuat konfransında isə jurnalistlərdən biri Trampa “Niyə Ağ Ev yaxınlığında baş verən atışmaya görə Bayden administrasiyasını günahlandırırsınız?” sualını ünvanlayıb.
ABŞ Prezidenti bu suala sərt şəkildə cavab verib:
“Çünki onu ölkəyə onlar (Bayden administrasiyası – red.) buraxdılar. Sən axmaqsan? Həmin şəxs minlərlə başqa şəxslə birlikdə təyyarə ilə ölkəyə gəlib. Onların heç biri burada olmamalı idi. Sən sadəcə sual verirsən, çünki axmaqsan”.
Xatırladaq ki, noyabrın 26-da ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Ev yaxınlığında iki Milli Qvardiya əsgəri silahlı hücuma məruz qalıb. Hadisəni törədən şəxs 29 yaşlı Əfqanıstan vətəndaşı Rahmanullah Lakanvaldır.
Bizim.Media