“ABŞ-ın Rusiyanı sülhə məcbur etmək üçün alətləri var. Məsələn, onlar Çeçenistan rəhbəri Ramzan Kadırovun saxlanılması üzrə əməliyyat keçirə bilərlər ki, Putin bunu görsün və öz gələcəyi barədə düşünsün”.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidenti Volodimir Zelenski onlayn brifinq zamanı bildirib.
Belə ki, ondan Qərb tərəfdaşlarının yaxın vaxtlarda sülh sazişinə nail olunmasa, necə hərəkət etməli olduqları barədə şərh istənilib.
“Mən çox istərdim ki, sülh sazişi olsun, diplomatiya işləsin. Biz bunun üçün tam olaraq hər şeyi edirik”, — deyə Zelenski cavab verib.
Eyni zamanda o qeyd edib ki, sülh sazişi olmadığı müddətdə tərəfdaşlar daha sürətli hərəkət etməli olduqlarını bilirlər:
“Sanki müharibə bizdə yox, onlardadır. Onlar bunu hiss etməlidirlər. Onlar hər şeyi bilirlər — HHM, bizim güclü ordumuz, dron istehsalı üçün vəsait, səmanın qorunması. Hamı bunu çox gözəl anlayır”.
Onun sözlərinə görə, diplomatik cəbhədə, xüsusən amerikalılar hazırda məhsuldar fəaliyyət göstərirlər:
“Bizim yaxşı nəticələrimiz var. Amma bütün bunlar hələ sonuna qədər tamamlanmayıb. Onlar Rusiyaya təzyiq göstərməlidirlər. Onların alətləri var, bunu bacarırlar. Və çox istəyəndə Rusiyaya təzyiq göstərmək üçün alətlər tapa bilirlər. Əsas odur ki, Ukrayna onlar üçün prioritet olsun”.
Bu kontekstdə o, ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyatı xatırladıb və bu əməliyyat zamanı Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə saxlanıldığını bildirib:
“Əməliyyat keçirdilər? Keçirdilər. Nəticəni bütün dünya gördü. Bunu tez etdilər. Qoy Kadırovla bağlı da hansısa əməliyyat keçirsinlər. O qatillə bağlı. Bəlkə onda Putin bunu görər və düşünər”.
Bizim.Media