“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi bu il “Türkman marşı”nı ərsəyə gətirib.
Marşı təşkilatın sədri, vətənpərvərlik mahnılarının görkəmli ifaçısı Şəmistan Əlizamanlı ifa edib. Musiqi əsərinin sözləri tanınmış türkman şairi, vaxtilə Kərkükün polis rəisi olan və sui-qəsd nəticəsində öldürülmüş Sabah Karaaltına (1956-2006) məxsusdur.
Bizim.Media xəbər verir ki, layihənin donoru Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyidir. Musiqi əsərinə klip çəkilişləri Kərkükdə olub.
Şəmistan Əlizamanlı bildirib ki, bu, Azərbaycanın Kərkükdə ilk klip çəkilişi olmaqla, tarixi hadisədir:
“Bir neçə gün əvvəl İraqdan qayıtmışıq. Türkmaneli TV-nin də yaxından dəstəyi ilə orada klip çəkilişlərimiz baş tutdu. Təəssüratlarım çox yüksəkdir. Türkmanlar soykökü, qanı, dili, dini eyni olan can qardaşlarımızdır. İllərin həsrəti, ayrılığı bizi çox üzüb, indi şükürlər olsun ki, Azərbaycan və İraq münasibətləri elə səviyyəyə qalxıb ki, türkman qardaşlarımızla əlaqələrimiz getdikcə genişlənir. Bu ilin martında Bakıda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirildi.
Həmin forum mədəni əlaqələrimizin bərpası üçün böyük təkan oldu. Türkman irsinin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev “İraq-türkman poeziya antologiyası”nı tərtib edib, həmin antologiyanın redaktoru da professor Sübhi Saatçıdır.
Həmin kitabda Sabah Karaaltının bir şeiri məni çox təsirləndirdi. Həmin şeirdə Təlafərdən, Məndəlidən bəhs olunur. Kitabda Qəzənfər Paşayev də izah verirdi ki, Təlafər İraqın Türkiyə sərhədində bir şəhərdir, Məndəli isə ölkənin lap cənubunda, İran sərhədinə yaxın bir türkman qəsəbəsidir. Türkmanlar bütün ölkə boyu bu iki məntəqə arasında məskunlaşıblar. Bu şeir mənə ilham verdi ki, onun musiqisini də bəstələyim. Nəticədə “Türkman marşı” ərsəyə gəldi.
Aranjimançısı Asif Kərimov, səs rejissoru Faiq Ələkbərov olan bu musiqi əsəri düşünürəm ki, Sabah Karaaltının da ruhunu sevindirəcək.Mən bu musiqi əsərini əziz türkman qardaşlarımıza hədiyyə edirəm”.
2026-cı ilin yanvarında Kərkükdə çəkilmiş musiqi klipinin Bakıda təqdimat mərasimi keçiriləcək. Hazırda montaj işləri davam edir.





Bizim.Media