Türkiyə mediasında geniş müzakirə olunan "Uzak Şehir" serialı ilə bağlı diqqətçəkən yenilik gündəmə gəlib. "Kanal D" ekranlarında yayımlanan və qısa müddətdə böyük tamaşaçı auditoriyası qazanan bu layihənin heyətinə daha bir tanınmış aktyorun qoşulduğu açıqlanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, məşhur serialın aktyor heyətinə Mehmet Akyaç da daxil olub.
Bildirilir ki, aktyor layihədə “Engin şef” obrazını canlandıracaq. Yeni obrazın süjet xəttinə necə təsir edəcəyi isə artıq tamaşaçılar arasında maraq doğurmağa başlayıb. Türkiyə mediası yazır ki, bu obraz serialın dinamikasını dəyişə biləcək mühüm fiqurlardan biri olacaq.
Qeyd edək ki, "Uzak Şehir" son dövrlərin ən çox izlənilən və sosial şəbəkələrdə geniş müzakirə olunan layihələrindən biridir. Serialın güclü aktyor heyəti, emosional süjet xətti və dramatik gedişatı onu Türkiyə televiziya məkanında ön plana çıxarıb. Yeni aktyorların layihəyə cəlb olunması isə süjetin daha da dərinləşdirilməsi və tamaşaçı marağının qorunması baxımından vacib addım kimi qiymətləndirilir.
Bəs Mehmet Akyaç kimdir?
Aktyor Türkiyə televiziya sektorunda müxtəlif uğurlu layihələrdə iştirakı ilə tanınıb. O, karyerası ərzində "Kader Bağları", "İyilik", "Kırgın Çiçekler", "Bir Litre Gözyaşı" və "Bir Zamanlar Kıbrıs" kimi seriallarda rol alaraq tamaşaçıların yaddaşında iz buraxıb. Onun ifa etdiyi obrazlar adətən emosional dərinliyi və xarakter müxtəlifliyi ilə seçilir.
Türkiyə mətbuatında yer alan məlumatlara görə, Mehmet Akyaçın "Uzak Şehir" layihəsinə qoşulması serialın reytinqlərinə də müsbət təsir göstərə bilər. Çünki aktyorun əvvəlki işlərdə qazandığı təcrübə və tamaşaçı sevgisi yeni obrazın daha inandırıcı və yaddaqalan olacağını deməyə əsas verir. (Musavat.com)
Bizim.Media