Əməkdar jurnalist Xoşqədəm Baxşəliyeva "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, aparıcı bu xəbəri “Səni axtarıram” verilişində izləyiciləri ilə bölüşüb.
Valideynlərini xatırlayan X. Hidayətqızı göz yaşlarını saxlaya bilməyib:
“Çox gərgin bir anda bu mükafatı aldım. Bir jurnalist kimi bu günə qədər mövqeyim, fəaliyyətim Cənab Prezident tərəfindən qiymətləndirilib. 2005-ci ildə “Tərəqqi” medalına layiq görülmüşəm, ardınca “Əməkdar jurnalist” fəxri adı verilib. Yazılı mediada araşdırmalarım, ictimai-siyasi proseslərdə ölkə daxili və xarici yazılarım, köşələrim dərc olunub.
Dünyanın məşhur liderləri ilə müsahibələrim olub. Çox gərgin əmək yolu keçmişəm. Hər dəfə Cənab Prezident tərəfindən təltif ediləndə göz yaşı tökmüşəm. Çünki həqiqətən çətin yol keçmişəm. Hər dəfə bu yolları keçəndə, nəticəsini, uğurunu görəndə ata-anam məni qucaqlayıb mənimlə birgə ağlayıblar. Bu gün medal mənə göndəriləndə gözlərim doldu.
Atam yaşasaydı, zəng edib təbrik edəcəkdi, deyəcəkdi ki, uğurların bol olsun.
Bütün uğurlarıma valideynlərim sevinib. Keçdiyim əzablı yol, çətin, tək mübarizəm olub.
Kirayədə də yaşamışam, evsiz də olmuşam, heç vaxt ədalət, dürüstlük yolumdan dönməmişəm. Amma valideynlərim yanımda olduğu üçün güclü olmuşam. Efir bitməmiş atam göz yaşları ilə “qızım, səni təbrik edirəm” deyərdi”.
Sara, Bizim.Media