Xalq artisti Flora Kərimovanın evindən görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Amerikada yaşayan jurnalist Qənirə Ataşova paylaşım edib.
O, ABŞ-a qayıtmazdan öncə sənətkarı ziyarət etdiyini bildirib:
“Azərbaycanın Xalq artisti, Şərəf ordenli, əvəzsiz səsin, incəliyin və ruhun təcəssümü olan Flora Kərimovanın qonağı oldum. Amerikaya qəfil dönmək qərarını aldığım üçün düşündüm ki, vaxt itirmədən Flora xanımı da görüm, çünki belə insanlar hər görüşü ilə yaddaşda bir iz buraxır.
Bakı gecəsi saat 12 idi. Biz onun bağ evinə çatdıq. Mənə onu çatdıran, Flora xanımın könüllüləri idi. Badamburalı çay içdik, şirin söhbət etdik. Onun zarafatları, dərin, kamil fikirləri o qədər səmimi idi ki, hər kəlməsi həyat dərsi kimi idi.
"Ölümün nəfəsini hiss edirəm," - deyəndə, otaqda bir səssizlik oldu. Həm mənim, həm də onun köməkçilərinin gözləri doldu.
Ömrünün 50 ilini Flora xanımla keçirmiş Yaqut xanım, dodaqlarını dişləyərək arxada dayanmışdı.
Onu ana qədər sevən, bacı qədər qoruyan Yaqut xanım. Amma yenə də hər zarafatında "Hər şey yaxşı olacaq, siz hələ çox yaşayacaqsınız" deyirdi.
Kaş ki, zaman dayanardı. Flora xanımla sərhədsiz danışa, onu dinləyə, onun içindəki dənizdən bir az da pay götürə biləydim.
Gedərkən məni qapıya qədər ötürdü. Qapının qarşısındakı aynada çəkdiyimiz kiçik video mənim üçün bir ömürlük xatirəyə çevrildi.
O gecə mən bir daha anladım ki, bəzi insanlar səsindən çox ruhu ilə yaşayır. Flora Kərimova o ruhun adıdır”.
Sara, Bizim.Media