Müharibələrin Yaxın Şərq regionuna təsiri ikitərəflidir: bir tərəfdən, münaqişələrin gedişi turizm sektoruna, bu sahəyə yatırım edənlərə və daşınmaz əmlak bazarına ciddi şəkildə mənfi təsir göstərir.
Hava məkanının tez-tez bağlanması və uçuşlarla bağlı problemlər həmin sahələrdə ciddi itkilərə səbəb olur.
Digər tərəfdən isə neft qiymətlərinin kəskin artması Körfəz ölkələri üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilir. Hörmüz boğazında çətinliklərə baxmayaraq, bu ölkələr dünya bazarına gündəlik təxminən 12 milyon barrel neft ixracını davam etdirirlər.
Nəticədə neft gəlirlərinin artması digər sahələrdəki itkiləri müəyyən qədər kompensasiya etməyə imkan verir.
Bizim.Media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Yaxın Şərqdə baş verən hadisələrin iqtisadi təsiri haqqında danışarkən deyib.
Ekspert bildirib ki, xüsusilə İran ətrafında baş verən hadisələr bölgənin yatırım cəlbediciliyinə ciddi zərbə vurub və bu təsir daha çox BƏƏ-də hiss olunur:
“İnsanların əsas fəaliyyəti real sektor, yəni turizm və xidmət sahəsidir. Səudiyyə Ərəbistanı turizmdə önə çıxmır, əsas gəliri həcc ziyarətlərindən əldə edir. Digər Körfəz ölkələrində turizm hələ yeni inkişaf edir. Bu baxımdan ən böyük ziyanın məhz BƏƏ-yə dəydiyini demək olar. Çünki Dubay və Əbu-Dabi turizm mərkəzinə çevrilmək üçün milyardlarla dollar xərcləmişdi”.
İqtisadçı qeyd edib ki, neft və qaz qiymətlərindəki artım itkiləri kompensasiya etməyə imkan yaradır:
“Müharibədən əvvəl Səudiyyə Ərəbistanının satdığı neftin qiyməti 65–68 dollar idisə, hazırda təxminən 120 dollara yüksəlib. İxrac həcmi 9 milyon barreldən 7 milyon barrelə düşsə də, qiymət artımı sayəsində bu həcm ölkəyə gündəlik təxminən 300 milyon dollar əlavə gəlir gətirir”.
Bizim.Media