Kredit sosial-iqtisadi həyatımızın bir hissəsidir. İstər biznes quran, istərsə də digər sosial problemlərini həll etmək istəyənlər banka üz tutur. Təbii ki, bu prosesdə əsas söz sahibi banklardır.
Bəlkə də ona görə kredit götürərkən çoxumuz müqaviləni sona qədər və diqqətlə oxumuruq.
Bununla belə bəzi məqamlar maraq doğurur. Məsələn, kredit götürərkən qoyduğumuz girov kredit müddəti üçün sığortalanır. Belə vəziyyətdə müştəri krediti vaxtından tez ödəyərsə, qalan ayların sığorta haqqı müştəriyə qaytarılırmı?
Ümumiyyətlə, kredit vaxtından tez ödənilsə, bank müştəri qarşısında hansı öhdəliyi yerinə yetirməlidir?

Məsələyə münasibət bildirən iqtisadçı Eldəniz Əmirov Bizim.Media-ya bildirib ki, bütün münasibətlər bankla müştəri arasında bağlanmış müqaviləyə əsasən tənzimlənir:
“Kreditin vaxtından əvvəl ödənilməsi zamanı bankın və yaxud müştərinin üzərində hər hansı bir öhdəlik yoxdur. Nəzərə alaq ki, müştəri krediti vaxtından tez ödədikdə onun böyük ölçüdə uduşu olmur. Məsələn, 5 illiyə götürülmüş krediti 3 il müddətində ödədikdə müştəri çox şey qazanır. Çünki Azərbaycanda kreditlərin böyük hissəsi annoitet metodla hesablanır.
Bu metodda aylıq ödənişlər eyni olsa da, əvvəlki aylarda əsas borcun hissəsi az, faizlər isə çox olur. Yəni 5 illik kredit müddətinin ilk illərində ödənişlər əsasən faizlərə tutulur. Son tarixlərə isə əsas borc qalır. Ona görə də müştəri kretiti tez ödəməklə uduşlu çıxmır. Tez ödəniş bank üzərində hər hansı bir öhdəlik yaratmır”.
Surxay Atakişiyev, Bizim.Media