“ABŞ ilə yeni ixrac müqavilələri imzalanıb, may ayından yumurtanın göndərilməsinə başlanılacaq. Körfəz ölkələri ilə bağlanılmış müqavilələrin icrasına isə aprel ayından başlanılmalıdır. O vaxta qədər Yaxın Şərqdəki münaqişənin aradan qalxacağına ümid edirik. Ümumiyyətlə Assosiasiya yeni ixrac bazarlarının tapılmasına, başqa sözlə ixrac coğrafiyasının genişləndirilməsinə daim diqqət yetirir. Artıq Çinə quşçuluq məhsullarının ixracına başlanılıb”.
Bu fikirlər Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı məlumatda yer alıb.
Bəs, planlaşdırılan ixrac yerli bazarda qıtlıq yarada bilərmi?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, hazırda yumurta məhsullarının xaricə ixracı ilə bağlı heç bir qadağa mövcud deyil:
“Sadəcə olaraq, bayramlarla əlaqədar daxili bazarda tələbatın artması səbəbindən müvəqqəti olaraq ixrac həyata keçirilmir. Planlaşdırılır ki, inşallah aprel ayından etibarən ixrac prosesinə yenidən başlanılsın. Eyni zamanda qeyd etmək istərdim ki, hazırda yumurta qiymətləri ötən illə müqayisədə sabitdir və ixracın bərpası qiymətlərə hər hansı artım təsiri göstərməyəcək”.
Surxay Atakişiyev, Bizim.Media