“Tikinti mövsümünün başlaması ilə bazarda materiallara tələbat artmağa başlayır və bu da qiymətlərə birbaşa təsir edir. Azərbaycanda son illərdə tikinti sektorunda ümumi bahalaşma tendensiyası müşahidə olunur və bu proses 2026-cı ildə də davam edə bilər. Dövlətin böyük infrastruktur və tikinti layihələrinə ayırdığı vəsaitlər bazarda materiallara tələbi artırır və nəticədə tikinti xərclərinə əlavə təzyiq yaranır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O qeyd edib ki, hazırda bazarda əsas tikinti materiallarının qiymətləri qış ayları ilə müqayisədə yavaş-yavaş yüksəlir:
“Mövsüm başladıqca xüsusilə sement, armatur, mişar daşı, kərpic, qum və çınqıl kimi əsas materiallarda qiymət artımı daha tez hiss olunur. Bu materiallar ev və bina tikintisinin əsas hissəsini təşkil etdiyi üçün tələb artdıqda bazar tez reaksiya verir. Ona görə də yaxın aylarda xüsusilə metal və sement məhsullarında bahalaşma ehtimalı daha yüksəkdir.
Bunun səbəbi qlobal bazarda poladın qiymətinin dəyişməsi, logistika xərclərinin artması və bəzi materialların idxaldan asılı olmasıdır. Ümumilikdə tikinti materiallarının maya dəyərində təxminən 8-12 faiz artım ehtimalı qeyd olunur”.
Müsahibimiz onu da əlavə edib ki, tikinti sektorunda hər il fevralın sonu və martdan etibarən aktivlik artır və bu da ənənəvi olaraq qiymətlərin qalxmasına səbəb olur:
“Yaz və yay aylarında tikinti işləri sürətləndiyi üçün bazarda material qıtlığı yarana bilər və satıcılar qiymətləri mərhələli şəkildə artırırlar. Ümumilikdə yaxın aylarda ən çox bahalaşması gözlənilən materiallar armatur və digər metal məhsulları, sement və beton qarışıqları, daş və blok materialları, plastik borular və bəzi izolyasiya materiallarıdır. Taxta və dam örtüyü materiallarında isə artım daha çox idxal qiymətlərindən asılı olacaq.
Nəticə olaraq, tikinti planlaşdıranlar üçün ən sərfəli dövr adətən mövsümün əvvəlidir. Mövsüm qızışdıqca materialların qiyməti və ustaların əmək haqqısı da artdığı üçün ümumi tikinti xərci daha yüksək olur”.
Surxay Atakişiyev, Bizim.Media