ABŞ-ın nüfuzlu nəşri olan The Wall Street Journal yeni hesabatında qlobal enerji bazarı ilə bağlı ciddi xəbərdarlıq edib.
Qəzet yazır ki, əgər yaxın günlərdə Hörmüz boğazı açılmasa və neft tankerlərinin hərəkəti bərpa olunmasa, dünya bazarında neftin qiyməti kəskin artaraq bir barel üçün 215 dollara qədər yüksələ bilər.
Bizim.Media xəbər verir ki, nəşrin analitiklərinə görə, Hörmüz boğazı qlobal neft tədarükü üçün strateji əhəmiyyət daşıyır.
Dünyada ixrac olunan neftin təxminən beşdə biri məhz bu marşrut vasitəsilə daşınır. Boğazın bağlanması və ya uzun müddət fəaliyyət göstərməməsi qlobal enerji bazarında ciddi təchizat çatışmazlığı yarada bilər.
Hesabatda qeyd olunur ki, belə bir ssenari baş verərsə, neft bazarında kəskin qiymət sıçrayışı qaçılmaz olacaq. Bu isə yalnız enerji sektoruna deyil, həm də dünya iqtisadiyyatına, nəqliyyat xərclərinə və inflyasiyaya ciddi təsir göstərə bilər.
Ekspertlər hesab edir ki, vəziyyətin gərginləşməsi və Hörmüz boğazında gəmilərin hərəkətinin məhdudlaşdırılması qlobal enerji təhlükəsizliyi üçün ən riskli ssenarilərdən biridir. Buna görə də beynəlxalq bazarlar hazırda regionda baş verən hadisələri diqqətlə izləyir.
Bizim.Media