Neftin qiymətinin hər 10 dollar/barel artması Azərbaycanın illik ixrac gəlirlərini təxminən 3 milyard dollar artırır. Bu isə ölkə iqtisadiyyatı üçün təxminən ÜDM-in 4%-i həcmində əlavə gəlir deməkdir.
Bizim.Media xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group"dan bildirilib.
Qeyd edilib ki, Yaxın Şərqdə gərginliyin artması və enerji bazarlarında risklərin yüksəlməsi fonunda neft qiymətlərinin artması region ölkələrinin iqtisadi göstəricilərinə müxtəlif istiqamətlərdə təsir edir.
Enerji ixrac edən ölkələr üçün bu proses əsasən müsbət nəticələr doğurur.
Analitiklərin hesablamalarına görə, neftin qiymətinin hər 10 dollar/barel artması Qazaxıstanın illik ixrac gəlirlərini təxminən 6 milyard dollar artırır. Bu isə ölkə ÜDM-nin təxminən 1,8%-i həcmində əlavə gəlir deməkdir.
Vurğulanıb ki, enerji qiymətlərinin yüksəlməsi enerji ixrac edən ölkələrin ticarət balansını gücləndirsə də, enerji idxal edən dövlətlər üçün inflyasiya risklərini artırır və cari hesab balansına təzyiq yaradır.
ING analitikləri bildirirlər ki, Yaxın Şərqdə münaqişənin davam etməsi enerji bazarlarında qiymətlərin yüksək qalmasına və region iqtisadiyyatlarında yeni makroiqtisadi risklərin yaranmasına səbəb ola bilər. (Apa.az)
Bizim.Media