İrana qarşı başlanan müharibə fonunda bir sıra sahələr kimi, dəniz logistikası da iflic vəziyyətə düşüb.
Tehranın Hörmüz boğazını nəqliyyat üçün bağladığını və keçməyə cəhd edən istənilən gəminin hədəf alınacağını bəyan etməsilə artıq həmin boğazdan gəmi və tankerlərin keçidi müşkül məsələyə çevrilib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri komandirinin müavini Məhəmməd Əkbərzadə İran hərbçilərinin Hörmüz boğazı üzərində tam nəzarəti ələ keçirdiyini bildirib. Hətta iddiaya görə, onlar boğazda 10-dan çox neft tankerini məhv ediblər.
Yaranmış vəziyyətdə enerji daşıyıcılarının qiymətində kəskin bahalaşma müşahidə edilir. Son məlumatlara görə, neft qiymətlərində 2020-ci ildən bu yana ən böyük artım baş verib. Hazırda “Brent” markalı xam neftin bir barelinin qiyməti 83 dollar, “Light” neftinin qiyməti isə 75 dollar/barel civarında ticarət edilir. Təkcə “Brent” nefti iki gün ərzində təxminən 12 faiz bahalaşıb.
Avropa ölkələri enerji daşıyıcılarının idxalından kəskin şəkildə asılıdırlar. Mövcud vəziyyət isə heç də Avropanın maraqlarına cavab verməyən bir durumdur.
Yaranmış durumda Avropanı iqtisadi böhran gözləyə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Avropa iqtisadi böhranla yalnız müharibə uzanacağı təqdirdə üzləşə bilər:
“Bu müharibənin nə qədər davam etməsindən asılı olacaq. Münaqişə yaxın bir neçə həftəyə tamamilə aradan qalxacaqsa, bu halda proses Avropa iqtisadiyyatına o qədər də ciddi təsir etməyəcək. Belədə, Avropa iqtisadiyyatı öz mövqeyini qoruyub saxlayacaq. Yalnız müharibə uzanacağı təqdirdə, yaranmış vəziyyətdə Avropa iqtisadiyyatı ciddi problemlərlə üz-üzə qalacaq”.
Bununla belə, müsahibimizin fikrincə, İrana qarşı başlanan müharibə indi də Avropa iqtisadiyyatına müəyyən təsir göstərir:
“Bu özünü xüsusən də qazın qiymətində göstərir. Avropada qazın qiyməti 2 dəfəyə qədər artıb. Belə vəziyyət isə öz növbəsində Avropa iqtisadiyyatı üçün müəyyən dərəcədə ciddi problemlər yaradır. Amma bunu hələlik daha kəskin ciddi problem, iqtisadi böhran kimi dəyərləndirmək olmaz. Belə durum yalnız müharibə uzanacağı təqdirdə Avropanın başının üzərini ala bilər”.
Rüfət Sultan, Bizim.Media