“2025-ci ildə Azərbaycana 189 ölkədən turist gəlib, amma Azərbaycana gələn turistlərin 54 faizi 4 qonşu ölkənin payına düşüb. Baxmayaraq ki, ölkə sayı 189-dur, amma yarıdan çoxu 4 ölkənin payına düşüb. Bu da dayanıqlılıq baxımdan bir çağırışdır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, turizm sahəsində tələbi stimullaşdıran fiskal alətlərdən istifadə edilməsinə ehtiyac var:
“Azərbaycanda turizm zonaları fəaliyyətdə göstərir və turizm zonalarında güzəştlər yalnız investisiya təşviqi sənəd daxilindədir. Hansı ki, 2025-ci ildə həmin sənədin müddəti başa çatdı. Yəni, bizdə zonalar var, amma zonalarda təşviq alətləri yoxdur.
Əgər təşviq alətləri yoxdursa, o zaman təbii ki, zonaların yaradıllmasının fəlsəfəsi nədir?! Ölkəyə gələn xarici brendlərin sayı azdır, çünki brendləşmə yalnız ölkə daxili turizm şirkətlərinə bağlı olmamalıdır. Brendləşmə həm də brend turizm şirkətlərinin ölkəyə gəlməsi anlamına gəlir”.
Günay Şahmar, Bizim.Media