“2021-2025-ci illər üzrə post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində ÜDM istehsalı hər il orta hesabla 24.5% artaraq 3.6 milyard manata çatıb. Bu isə COVID-19 pandemiyasından əvvəlki səviyyə ilə müqayisədə 23.2% çoxdur. İlkin nəticələrə görə turizm sahəsində yaradılan cəmi əlavə dəyər isə 2025-ci ildə 6.9 milyard manat olub. Nəticədə, 2025-ci ildə turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5.3 faizə yüksəlib”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində 58 min yeni muzdlu iş yeri yaradılıb ki, bunun da 21 mini 2025-ci ilin payına düşüb:
“Nəticədə, fəaliyyət sahəsinin muzdlu əmək bazarında payı 5 il ərzində 1.5 faizdən 4.6 faizə yüksəlib. Ötən 5 ildə cəmi turist xərcləmələri 7.7 milyard manat artaraq 2025-ci ildə 9 milyard manata yüksəlib ki, bu da pandemiyadan əvvəlki səviyyədən 39% çoxdur.
Həmçinin 2019-cu ilə nisbətən 2025-ci ildə gəlmə turizmi üzrə adambaşına turizm xərcləmələri də 74% artıb. Nəticədə gəlmə turizmi tam bərpa olunmasa da, bu istiqamətdən gəlirlər 2025-ci ildə 3 milyard 258 milyon manata çatıb ki, bu da 2019-cu ilə nisbətən 9.6% çoxdur. Beləliklə, son 5 ildə hotellərin gəlirləri 536 milyon manat, iaşə müəssisələri üzrə dövriyyə isə 2 milyard manatdan çox artıb”.
Günay Şahmar, Bizim.Media