Qazaxıstan yanvar ayında “Lukoyl”un birgə layihələrdəki payının geri alınması məsələsi ilə bağlı ABŞ-a müraciət ünvanlayıb.
Bizim.Media “İnterfaks-Qazaxıstan” agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı respublikanın Energetika Nazirliyi yayıb.
Nazirlikdən qeyd olunub ki, məktub məlumat xarakterli olub və Rusiya neft şirkətinin payının geri alınması üzrə respublikanın üstünlük hüququ barədə xəbərdarlıq məqsədi daşıyıb.
Məktub ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) göndərilib. Energetika Nazirliyi xatırladıb ki, milli qanunvericiliyə əsasən (Yeraltı sərvətlər və yeraltı sərvətlərdən istifadə haqqında Məcəllənin 43-cü maddəsi) Qazaxıstanın payın geri alınmasında üstünlük hüququ mövcuddur.
Yanvarın 29-da “Lukoyl” və ABŞ-ın Carlyle investisiya fondu Rusiya şirkətinin xarici aktivlərini idarə edən Lukoil International GmbH-nin satışı ilə bağlı ilkin razılıq əldə etdiklərini açıqlayıblar.
Bildirilib ki, sövdələşməyə Qazaxıstandakı aktivlər daxil deyil, onlar “Lukoyl”un mülkiyyətində qalacaq və mövcud lisenziya əsasında fəaliyyətini davam etdirəcək. Sövdələşmə hələ də OFAC tərəfindən təsdiqlənməlidir.
Bizim.Media