Azərbaycanda 50 kiloqramlıq un kisəsinin son topdansatış qiymətləri məlum olub.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Məlumatda Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şabran, Xaçmaz və digər bölgələrdə fəaliyyət göstərən ümumilikdə 28 sahibkarlıq subyekti yer alıb.
Belə ki, 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri 26,10 manat - 28,60 manat aralığında dəyişir.
Məlumata görə, ən aşağı qiymət Şabran rayonunda fəaliyyət göstərən “Dəvəçi-Taxıl” MMC-də (26.1 manat), ən yüksək qiymət isə Gəncə şəhərində yerləşən “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-də (28.6 manat) qeydə alınıb.
Maraqlıdır ki, son bir ildə ilk dəfə unun topdansatış qiyməti 45-50 qəpik bahalaşıb.
Bəs bu bahalaşma çörəyin qiymətinə təsir edə bilər?
Suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında unun bahalaşmasının çörəyin qiymətinə təsir edə biləcəyini deyib:
“Amma təsir mütləq və dərhal deyil. Un çörəyin əsas xammalıdır, ona görə də topdansatış qiymətinin bahalaşması çörək istehsalçılarının xərclərini artırır. Bu da uzun müddətdə çörəyin qiymətinə təzyiq yarada bilər. Amma çörəyin qiyməti yalnız unla formalaşmır. Elektrik, qaz, əməkhaqqı, daşınma, icarə və satıcıların marjası da mühüm rol oynayır.
Üstəlik, istehsalçılar və mağazalar bazar rəqabətini və alıcılıq qabiliyyətini nəzərə alaraq qiyməti dərhal qaldırmaya bilərlər.
Əvvəlki illərin təcrübəsi göstərir ki, un bahalaşsa da, çörəyin qiyməti bəzən bir müddət sabit qalır və artım yalnız xərclər uzunmüddətli və davamlı olarsa, baş verir. Yəni indiki 45–50 qəpik artım təkbaşına çörəyin qiymətinin mütləq qalxacağı demək deyil, amma bu, riskin artdığını göstərir”.
Surxay Atakişiyev, Bizim.Media