Ötən həftə Ukrayna müharibəsinin dayandırılması ilə bağlı sülh danışıqları fonunda dünya üzrə neftin qiymətinin aşağı düşməsi tendensiyası müşahidə edilir.
Məlumata görə, neftin qiyməti treyderlərin Ukrayna üzrə sülh danışıqlarında irəliləyişin Rusiya neftinin dünya bazarına çıxmasına səbəb ola biləcəyi ilə bağlı gözləntiləri fonunda ucuzlaşıb.
Noyabrın 25-də Brent markalı neftin qiyməti 0,8 faiz azalaraq bir barel üçün 62,85, WTI markalı neftin qiyməti isə 0,7 faiz ucuzlaşaraq, 58,41 dollara düşüb.
Qeyd edək ki, son aylarda neftin qiymətində azalma müşahidə olunur. Bu da əsasən OPEC+ ölkələri tərəfindən hasilatın artırılması ilə bağlı idi. Belə vəziyyətdə, ABŞ Prezidenti Trampın Ukrayna ilə bağlı təklifinin Rusiya neftinin dünya bazarına çıxmasına imkan yaratması gözləntiləri artıb. Bu da öz növbəsində neftin qiymətinin sürətlə ucuzlaşmasına təkan verib.
Görəsən, yaranmış vəziyyətdə manatın məzənnəsi dəyişə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirib ki, mövcud şərtlər daxilində proqnozlaşdırma aparmaq çətindir:
“Çünki neftin qiymətilə bağlı gözləntilər kifayət qədər müxtəlifdir. Neftin qiymətinin hətta 30 dollara düşəcəyilə bağlı proqnozlar da gündəmə gətirilib.
Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin başa çatacağı halda rus neftinə sanksiyaların aradan götürülməsinin yaradacağı bolluq, ABŞ istehsalında radikal artım gözləntiləri, OPEK+ formatı çərçivəsində hasilatın artırılması siyasətinin həyata keçirilməsi növbəti illərdə bazarda təklif artımı yaradacaq. Nəticədə yaranan təklif bolluğunun qiymətlərə azaldıcı təsiri olacaq”.
Ekspert qeyd edir ki, qiymətin 65 dollar ətrafında formalaşması 2026-cı ildə manatın məzənnəsini sabit saxlamaq üçün resursları səfərbər etməyə imkan verir:
“Azərbaycan hökumətinin indiki şərtlər daxilində gözləntisi neftin bir barrelinin qiyməti üçün 65 dollardır. Qiymətin məhz 65 dollar ətrafında formalaşması 2026-cı ildə manatın məzənnəsini sabit saxlamaq üçün resursları səfərbər etməyə imkan yaradır. Qiymətlər kəskin azalacağı təqdirdə isə manatın məzənnəsinin necə olacağı birbaşa hökumətin qərarından asılı olacaq.
Qiymət azalması qısa müddətli olacaqsa, hökumət məsələni mövcud resurslar hesabına kompensasiya edəcək. Amma orta və uzunmüddətli dövr üçün proqnozlar pessimist olarsa, bu halda hökumət seçimlər etmək məcburiyyətində qalacaq.Hələlik isə 2026-cı ildə manatın məzənnəsinə ciddi təzyiqlərin olacağı gözlənilmir.
Hətta bu olsa belə, hökumətin manatın məzənnəsini saxlamaq üçün kifayət qədər resursunun olduğunu söyləyə bilərik”.
Rüfət Sultan, Bizim.Media