Ötən həftədən İngiltərədə davam edən yanacaq böhranı ilə bağlı ölkənin ən böyük neft şirkəti "British Petroleum" (BP) açıqlama verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, şirkətdən bildirilib ki, stansiyalarının üçdə birində yanacaq tamamilə tükənib:
"Son iki gündə olan yüksək tələbata görə, hazırda obyektlərin təxminən 30 faizində əsas yanacaq növləri yoxdur".
Qeyd edək ki, BP-nin İngiltərədə 1200 yanacaqdoldurma məntəqəsi mövcuddur.
"British Petroleum" də daxil olmaqla neft şirkətlərinin ölkədə yük maşını sürücüsü çatışmazlığına görə bəzi stansiyalarını bağlaması əhali arasında təşvişə səbəb olub. Ona görə də yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb.
Hökumət isə ölkədə kifayət qədər yanacağın olduğunu açıqlayıb və sürücülərin normal davranmaları barədə xəbərdarlıq edib.
İngiltərənin nəqliyyat naziri Qrant Şapps, problemlərin yanız təşvişlə bağlı olaraq stansiyalara axınla əlaqədar olduğunu deyib. O, sürücülərə "yalnız lazım olduqda" benzin almağı tövsiyyə edib.
Xatirə, Bizim.Media