“Kənd təsərrüfatı məhsulları bazarlarının ləğvi, onların əvəzində ixtisaslaşmış iri marketlərin yaradılması kimi absurd fikirlər irəli sürən, hökumətə bu kimi məsuliyyətsiz təkliflər hazırlayan məmurlar aqrar sahədə yaratdıqları problemləri ört-basdır etmək məqsədi güdür”. Bunu “Media forum” saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
Kənd Təsərrüfatı Nazirliyinin Nazirlər Kabinetinə təqdim olunan təklifinə görə, yaxın gələcəkdə kənd təsərrüfatı məhsulları bazarlarının iş prinsipi dəyişəcək. Onların əvəzində ixtisaslaşmış iri marketlərin yaradılması nəzərdə tutulur. Bu marketlərə tədarük məntəqələrinin hər gün təzə məhsullar gətirəcəyi, köhnə məhsulların isə konserv müəssisələrinə göndəriləcəyi bildirilir.
Ekspert diqqəti ölkədə mövcud olan bütün bazarların xüsusi mülkiyyətdə olduğuna diqqət çəkir: “Həmin bazarların sahiblərinin icazəsi olmadan heç bir qurum onların təyinatını dəyişə bilməz. İkincisi, mövcud bazarlar öz funksiyalarını yerinə yetirir. Belə olan halda onları ləğv etməyə, əvəzində iri marketlər yaratmağa nə ehtiyac var? Bazarda malın, məhsulun qiymətinin yüksək olması yalnız təklifin az olması ilə əlaqədardır. Bazar məhsul yetişdirilən məkan deyil ki, miqdarını çoxaldıb qiymətini aşağı salsın.
Bu gün problem məhsul satışı həyata keçirilən məkanda deyil. Məhz çox ciddi problem məhsulun keyfiyyətində, məhsuldarlığın aşağı olmasındadır. Keyfiyyətli və ucuz məhsul istehsal olunarsa, Türkiyədə, İranda olduğu kimi digər ölkələrdən tədarükçülər mal dalınca Azərbaycana axışar. İndi müstəqil tədarükçülər büdcə vəsaiti xərcləmədən bütün bazarları kənd təsərrüfatı məhsulları ilə qismən təmin edir. Kənd Təsərrüfatı Nazirliyi yaxşı olar ki, problemi özünün qeyri-peşəkarlığında axtarsın”.