Avropanın ENERJİ ÜMİDİ – Bu ölkələr də Azərbaycandan qaz almaq İSTƏYİR

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftənin enerji mənzərəsini müşahidə etdikdə rəsmilərin bir sıra bəyanatlarını, Azərbaycandan qaz alışını artırmaq istəyən xarici şirkətlərin aktivliyini, SOCAR-ın uzun müddət istismar etdiyi yataqların neft və qaz verimliyini artırmaq yönümündə atdığı addımları, həmçinin günəş elektrik stansiyalarının tikintisinin sürətləndiyini gördük. Amma həftə sonu Azərbaycana valyuta gətirən əsas xammalın – neftin qiymətinin dünya bazarlarında ucuzlaşması ilə də yadda qaldı.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan boru kəməri ilə qaz ixracında necə DÜNYA LİDERİ OLDU?


Qlobal bazarlar

Həftənin əvvəli dünya bazarlarında neftin qiyməti 69,91 dollar həddinə qədər yüksəldi. Bundan öncəci hərraclarda isə qiymətlər 70 dollara çatmışdı. Bu, son 7 həftədə müşahidə edilən ən yüksək nəticə idi. Qiymət artımına təsir edən amil isə ABŞ prezidenti Donald Trampın Rusiyadan neft alışının dayandırılması ilə bağlı çağırışları idi. Bazar iştirakçıları bundan narahatlıq keçirir və müəyyən zaman neftə tələbatın artımını təxmin edirdilər.

Lakin Türkiyə rəsmilərinin açıqlamaları onu göstərdi ki, Qara dəniz hövzəsində Rusiya neftinin ən aktiv alıcısı kimi çıxış edən bu ölkə enerji ticarətinə hansısa düzəlişlər etmək fikrində deyil. Bunun da səbəbi odur ki, rəsmi Ankara neft alışının dövlət tərəfindən deyil, özəl şirkətlər vasitəsi ilə həyata keçirildiyini, dövlətin isə kommersiya sazişlərinə müdaxilə etmək fikrindən uzaq olduğunu açıqladı. Sonrakı hadisələr də göstərdi ki, bazarda hansısa qıtlıq müşahidə edilmir. Nəticə etibarı ilə bütün həftə boyu neft qiymətlərinin azalması ilə yadda qaldı və cümə günü London Əmtəə Birjası bağlanarkən Brent markalı neftin qiyməti 64,53 həddinə qədər ucuzlaşdı.

Azərbaycan nefti isə həftəni Ceyhan limanında tankerlərə yüklənmək şərti ilə 67,69 dollar qiymətində başa vurdu. Bu, dövlət büdcəsində proqnoz edilən (1 barel üçün 70 dollar) neftin orta ixrac qiymətindən aşağıdır. İlin birinci yarısında bu göstərici 73 dollardan artıq olmuşdu və nəzərə alsaq ki, üçüncü rüb ərzində ümumən neft 65-70 dollar dəhlizində ticarət edilmişdi, demək cari rübdə də bu halın yaşandığı təqdirdə, Azərbaycan neftinin orta ixrac qiyməti proqnoz göstəricilərindən aşağı həddə ola bilər.

İtaliyanın enerji bazarında çəkimiz

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış edərkən Azərbaycan nefti və qazının bu ölkənin enerji həyatında oynadığı rol bir daha vurğulandı. İtaliya prezidenti Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulamaqla yanaşı, enerji ticarətinin bundan sonra da davam etdirilməsində maraqlı olduğunu bildirdi. 
 

Öz növbəsində Prezident İlham Əliyev hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın 14 ölkəyə təbii qazı ixrac etməsini xatırladaraq ildən-ilə qaz coğrafiyasının genişləndiyini də xatırlatdı.


“Bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”, deyə Azərbaycan lideri bəyan etdi.

Dövlət başçımız həmçinin əlavə edib ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik və elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırması yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.

Yunanıstan Azərbaycan qazına meyllidir

Artıq 5-ci ildir ki, Azərbaycandan stabil şəkildə qaz alan Yunanıstan Azərbaycanla qaz tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Yunanıstanın Baş naziri Kiriakos Misotakis bu həftə Kopenhagendə azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Yunanıstan boru kəməri qazı vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın töhfəsini yüksək qiymətləndirir. "Biz, Yunanıstan və Avropa olaraq bu əməkdaşlığı genişləndirmək üçün əlavə imkanları nəzərdən keçiririk. Eyni zamanda Yunanıstan maye təbii qaz idxalı imkanlarını genişləndirməyə çalışır. Azərbaycanı Yunanıstan üçün uzunmüddətli və etibarlı enerji təchizatçısı kimi görürük", - deyə baş nazir bildirib.
 

Qeyd edim ki, “Şahdəniz-2” layihəsi üzrə satılan qaz üzrə Yunanıstan 25 il müddətində hər il 1 milyard kubmetr Azərbaycan qazı almaq öhdəliyi götürür. Yunanıstan baş nazirinin açıqlamasından bəlli olur ki, bu ölkə Azərbaycan qazının idxal həcmlərini artırmaq niyyətindədir.


TAP-ın genişləndirilməsinin I mərhələsi

Elə bu ərəfədə İtaliya Enerji Sammitində çıxışı zamanı Trans-Adriatik Qaz Kəmərinin (TAP) operatoru olan "TAP AG" şirkətinin icraçı direktoru Luka Skiepatti kəmərin ötürmə qabiliyyətinin artırılması üzrə işlərin ilk mərhələsinin yekunlaşmaya doğru getdiyini bildirib. Onun sözlərinə görə, TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində işlər 2026-cı ildən etibarən ötürmə qabiliyyətinin ildə 1,2 milyard kubmetr artırılmasını nəzərdə tutur. . Layihənin büdcəsi təxminən 132 milyon avro təşkil edir. Gələn ildən etibarən bu həcmin 1 milyard kubmetri İtaliyaya, daha 200 milyon kubmetri isə Albaniyaya çatdırılacaq.

Skiepatti vurğulayıb ki, beş ildən az müddətdə TAP aktiv kommersiya təklifi, etibarlı infrastruktur və əməliyyatlar, həmçinin Xəzər dənizindən sabit qaz tədarükü sayəsində Avropaya 50 milyard kubmetrdən çox qaz çatdırıb.

Almaniyanın qaz alışını artırmaq arzusu

Bu həftə SOCAR və Almaniyanın "Uniper" şirkəti arasında 2025–2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb. Bu iki şirkət arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası çərçivəsində keçirilən görüşdə isə SOCAR ilə “Uniper” arasındakı uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, şirkətlərin strateji inkişaf hədəflərindən və əldə olunan nailiyyətlərdən bəhs edilib.
 

Görüş zamanı "Uniper" şirkətinin Azərbaycan qazını alıb Avropa bazarına çıxaran əsas tərəfdaşlardan biri qismində fəaliyyəti qeyd olunub, şirkətlər arasında "Upstream" sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi istiqamətində atılan addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Qeyd edim ki, “Uniper” şirkəti “Şahdəniz-2” layihəsi üzrə Avropa bazarlarına çıxarılan qazın alıcılarından biridir və ildə 1,5 milyard kubmetr Azərbaycan qazı alır. Amma bu ilin yayından Almaniyanın digər bir şirkəti də SOCAR-la imzalanmış müqaviləyə əsasən ildə 1,5 milyard kubmetr qaz alışına başlayıb. Maraqlı bir cəhət odur ki, hər iki şirkət idarəçilik məsələlərində Almaniya hökumətinə bağlıdır və bu hal rəsmi Berlinin enerji təhlükəsizliyinin gücləndirilməsi məsələlərində Azərbaycana olan etibarından irəli gələn addımlarının göstəricisidir.

Qalıq neft və qazın artırılması

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu həftə dünyanın neft-qaz sektoruna xidmət üzrə ad çıxrtmış SLB şirkəti ilə Xəzər dənizindəki "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb.

SOCAR-ın açıqlamasına görtə, layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq. Bu təşəbbüs əməliyyat səmərəliliyini və davamlılığı təmin etməklə yanaşı, hasilatı sürətləndirəcək praktik inkişaf ssenarilərini hazırlamaq məqsədi daşıyır.

Tranzit neftinin artırılması

Qazaxıstan və Azərbaycan 2025-ci ildə Aktau-Bakı-Ceyhan marşrutu ilə Qazaxıstan neftinin tədarükünü 1,7 milyon tona çatdırmağı planlaşdırır. Bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov və Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında Astanada keçirilən "Kazenergy Week-2025" çərçivəsində baş tutan görüşdə bildirilib.
 

"Nəqliyyat infrastrukturunun inkişafı mühüm müzakirə mövzusu olub. Aktau-Bakı-Ceyhan marşrutu Qazaxıstan neftinin tədarükü üçün əsas ixrac arteriyasına çevrilib. 2023-cü ildə onun vasitəsilə 1,06 milyon ton yük daşınıb, 2025-ci ildə isə həcmin 1,7 milyon tona çatdırılması planlaşdırılır", - deyə Qazaxıstan energetika nazirliyinin məlumatında bildirilib.


Akkenjenov qeyd edib ki, Aktau-Bakı-Ceyhan marşrutu Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Bakı-Supsa marşrutu strateji ehtiyat olaraq qalır.

“Yaşıl enerji” layihələrinin icrası sürətlənir

Yola saldığımız həftə Biləsuvar rayonunda inşa edilən 445 MVt gücündə günəş elektrik stansiyasında (GES) ilk panelinin quraşdırılması mərasimi keçirilib.

Ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin "JA Solar" şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.

Mərasim zamanı Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, iki il öncə istismara verilmiş Azərbaycanın ilk böyük gücə malik “yaşıl enerji” stansiyası - "Qaradağ" günəş elektrik stansiyasında oktyabrın sonlarına yaxın 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edilməsi gözlənilir. İlkin hesablamalara görə, stansiya ildə 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək, 110 milyon kubmetr təbii qaza qənaət edəcək, 200 min tondan artıq karbon emissiyasının qarşısını alacaq, 110 min evi elektrik enerjisi ilə təmin edəcək.

SOCAR-ın yaşıl hədəfi

Azərbaycan Dövlət Neft Şirkəti "təmiz enerji" istehsalçısı şirkətinə çevrilmək istəyir. Belə bir bəyanatla bu həftə keçirilən "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev çıxış edib.

İsayevin sözlərinə görə, şirkət dekarbonizasiya proqramı hazırlayıb, bu istiqamətdə fəaliyyətə başlayıb. "2035 və 2050-ci illər üçün hədəflərimiz var. 2035-ci ilə qədər biz milli neft–enerji şirkəti olmaq istəyirik. Şirkətin balanslaşdırılmış karbohidrogen portfeli olacaq. Çünki hesab edirik ki, təbii qaz keçid dövründə son dərəcə vacibdir və sağlam şəkildə aşağı karbonlu bizneslərlə qarışıq enerji mənbəyi ola bilər. 2050-ci ilə qədər isə biz artıq "xalis sıfır" milli neft şirkəti olacağımızı, qlobal miqyasda əlçatan, davamlı və etibarlı enerji təmin edəcəyimizi elan etmişik", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gürcü müxalifəti hansı səhvinə görə uğursuzluğa düçar oldu? – Nika Çitadzedən ÖZƏL AÇIQLAMA

Gürcü müxalifəti hansı səhvinə görə uğursuzluğa düçar oldu? – Nika Çitadzedən ÖZƏL AÇIQLAMA

Azad edilmiş ərazilərdə daha 156 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 156 mina aşkarlandı

Mingəçevirdə ağır QƏZA – Xəsarət alan var

Mingəçevirdə ağır QƏZA – Xəsarət alan var

Söküləcəyi deyilən tarixi bina ilə bağlı rəsmi açıqlama – VİDEO

Söküləcəyi deyilən tarixi bina ilə bağlı rəsmi açıqlama – VİDEO

Sabah Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək

Sabah Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək

Pendir sexindəki partlayışla bağlı cinayət işi açıldı

Pendir sexindəki partlayışla bağlı cinayət işi açıldı

Balığı bıçaqsız, saniyələr içində təmizləmək ÜSULU

Balığı bıçaqsız, saniyələr içində təmizləmək ÜSULU

Ersin Tatar Azərbaycana gəldi - FOTO

Ersin Tatar Azərbaycana gəldi - FOTO

Çempionlar Liqasının formatı DƏYİŞDİRİLƏ BİLƏR

Çempionlar Liqasının formatı DƏYİŞDİRİLƏ BİLƏR

Bakıda yolu keçmək istəyən piyada son anda qəzadan belə qurtuldu – ANBAAN VİDEO

Bakıda yolu keçmək istəyən piyada son anda qəzadan belə qurtuldu – ANBAAN VİDEO

Qədimliyi və müasirliyi birləşdirən Mərkəzi PARK – Tarixi abidələr BƏRPA OLUNACAQ – FOTO

Qədimliyi və müasirliyi birləşdirən Mərkəzi PARK – Tarixi abidələr BƏRPA OLUNACAQ – FOTO

TDT-nin Baş katibi İlham Əliyevə təşəkkür etdi

TDT-nin Baş katibi İlham Əliyevə təşəkkür etdi

Sabah 28 dərəcə isti olacaq – PROQNOZ

Sabah 28 dərəcə isti olacaq – PROQNOZ

Ötən ay 59 nəfər Azərbaycana buraxılmayıb – SƏBƏB

Ötən ay 59 nəfər Azərbaycana buraxılmayıb – SƏBƏB

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Bu şəxslərin “miqalka”dan istifadəsi QADAĞANDIR – RƏSMİ

Bu şəxslərin “miqalka”dan istifadəsi QADAĞANDIR – RƏSMİ

TDT-nin Baş katibi Qəbələdə İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

TDT-nin Baş katibi Qəbələdə İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

Gəncədən çıxan avtobuslar Bakıya axın etdi - Qanunsuz daşımalar artdı

Gəncədən çıxan avtobuslar Bakıya axın etdi - Qanunsuz daşımalar artdı

Azərbaycana yeni vaksinlər gətirildi – RƏSMİ

Azərbaycana yeni vaksinlər gətirildi – RƏSMİ

İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul etdi – FOTO

İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul etdi – FOTO

Polis Qubada əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

Polis Qubada əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

"Düşündüm ki, bu sözlərdən sonra ərim məni almayacaq"

"Düşündüm ki, bu sözlərdən sonra ərim məni almayacaq"

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

Bakıda DSX mayoruna hücum edənlər AZADLIĞA BURAXILDI

Bakıda DSX mayoruna hücum edənlər AZADLIĞA BURAXILDI

End of content

No more pages to load

RADİO